Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin 28 may Müstəqillik Günündə Laçında Zirvə görüşündə iştirakı tarixi hadisə idi. Bu xalqımızın yaddaşında dərin izlər buraxacaq və qürurla anılacaq əlamətdar məqamlardan biri kimi tariximizə həkk olundu. Üç qardaş ölkənin birlik, bərabərlik nümunəsinin nümayişi eyni zamanda sülh, əməkdaşlıq, qarşılıqlı maraqlara xidmət edən birgə təşəbbüslərin bəyanedici mesajları idi.
Azərbaycan, Türkiyə, Pakistan liderlərinin həmin tarixi gün bir araya gəlməsi eyni zamanda həmrəylik və qarşılıqlı etimada əsaslanan üçtərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu əks etdirdi. Və sözsüz ki, bu formatda yüksək səviyyəli görüşün məhz Laçında keçirilməsi Azərbaycanın suverenliyinə göstərilən hörmətin ifadəsi idi. Burada səslənən mesajlar bir daha nümayiş etdirdi ki, üç dost ölkə ortaq tarixə, mədəniyyətə və dəyərlərə söykənən münasibətlərini daha da gücləndirmək əzmindədir. Dövlət başçısının nitqində vurğulandığı kimi biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanında olmuşuq, həmrəylik, dəstək göstərmişik. Müstəqillik Günündə keçirilən tarixi əhəmiyyətli görüşlər isə bir daha ölkələrimizin strateji əməkdaşlığını təsdiqlədi. Eyni zamanda işğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda qardaş ölkələrin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürünü əks etdirdi.
Azərbaycan uzun illər ərzində ərazi bütövlüyü uğrunda gərgin siyasi və diplomatik mübarizə aparıb. Bu yolda dövlətimiz bir çox hallarda ədalətsiz yanaşmalara və ikili standartlara məruz qalıb. Lakin xalqımız həmin məsələlərdə dəmir yumruq kimi birləşərək heç vaxt inamını və əzmini itirməyib. Müstəqil siyasət, iqtisadi güc, müasir ordu quruculuğu və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi tarixi zəfərlərin təməlində dayanır. Azərbaycanın haqlı mübarizəsində Türkiyə və Pakistan kimi qardaş ölkələrin göstərdiyi mənəvi-siyasi dəstək daim yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bütün bu məqamlara öz çıxışında xüsusi olaraq toxunaraq qeyd etdi ki, Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi bizi bundan sonra da bir-birimizə daha yaxın edəcəkdir.
Bu həm siyasi birlik, həm də ortaq dəyərlər və mədəni mirasa əsaslanan bir strateji yol xəritəsinin başlanğıcıdır. Birlikdə keçirilən bayram tədbirləri, konsert proqramları və verilən mesajlar dünyanın müxtəlif güc mərkəzlərinə bir daha açıq və aydın şəkildə bildirir ki, bu bölgədə yeni reallıqlar yaranıb və bu reallıqlarla hesablaşmaq zəruridir. Prezident İlham Əliyevin “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı” çağırışı bu yeni dövrün əsas şüarına çevrilir. Bu birlik artıq sırf humanitar və mədəni sahələri aşaraq hərbi, iqtisadi, diplomatik müstəvidə də konkret nəticələri doğurur. Hər üç ölkənin rəhbərlərinin verdiyi birgə mesajlar sabitlik, inkişaf və ədalət axtaran bütün dövlətlərə örnəkdir. Qardaş ölkə nümayəndə heyətlərinin Laçına səfəri, işğaldan azad edilmiş torpaqlarda aparılan işlərlə tanışlığı və Azərbaycanın əldə etdiyi nailiyyətlərə göstərilən rəğbət və dəstək eyni zamanda bu münasibətlərin nə qədər dərin və səmimi olduğunu nümayiş etdirir. Laçında nümayiş olunan birlik həm də regionda yeni siyasi reallıqların və güvən əsaslı əməkdaşlığın təməlini möhkəmləndirir, bu cür platformalar eyni zamanda dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə və uzunmüddətli strateji məqsədlərin gerçəkləşməsinə xidmət edir. Azərbaycan, Türkiyə və Pakistan bu gün parlaq gələcəyə doğru inamla addımlayırlar. Onların nümayiş etdirdiyi ortaq dəyərlər və strateji baxış gələcək nəsillərin inkişaf yolunu müəyyən edən əsas istiqamətləri formalaşdırır. Bu möhkəm həmrəylik və çoxşaxəli tərəfdaşlıq modeli eyni zamanda regional sülhün, rifahın və qarşılıqlı inamın dayanıqlı təminatında mühüm töhfələrə yol açır.
Prezidentin çıxışını yekunlaşdıran fikirlərdə qeyd olunduğu kimi bu gün Azərbaycan qalib dövlətdir, onun xalqı qalib xalqdır və bu qələbə yalnız torpağın deyil, həm də ədalətin, milli qürurun və tarixi haqların simvoludur.
28 may 2025-ci ildə Laçında keçirilən Zirvə görüşü və Prezident İlham Əliyevin çıxışı Azərbaycan diplomatiyasının növbəti uğurlu nəticəsi olmaqla yanaşı həm də tarixi yaddaşın, milli iradənin və qardaşlığın gücünü bir daha nümayiş etdirdi. Bir daha təsdiqlədi ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü təkcə region üçün deyil, İslam dünyası və beynəlxalq sistem üçün də nümunəvi əməkdaşlıq modelidir. Bu birlik, bu dəstək və bu həmrəylik Azərbaycanın gələcək qələbələrinin təminatçısı olacaq.
Yaşasın müzəffər Azərbaycan!
Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!