Dəmir yumruq » Manşet » Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ
Manşet / Siyasət / Bugün, 07:24

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ

 

 

2025-ci il 7 may tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri ilə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə  qədəm qoydu. Səfər çərçivəsində dövlət başçıları mətbuata bəyanatla çıxış etdilər.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfəri tarixi hadisə kimi qiymətləndirərək ölkələrimiz arasında uzun müddətli əməkdaşlıq üçün ciddi zəmin yaradacağına inamını ifadə etdi. Stateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması isə bu münasibətlərin gələcək inkişafına dair mühüm siyasi iradənin göstəricisi və bu yolda atılan əhəmiyyətli addım oldu. Həmin sənəd yalnız iki dövlət arasında diplomatik münasibətlərin yeni formatını müəyyən etməklə kifayətlənmir, eyni zamanda gələcəkdə bir çox sahələrdə konkret layihələrin həyata keçirilməsinə əsas yaradır.


Dövlət başçısının təbirincə desək imzalanmış bu sənəd iki tərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır. Birgə bəyanatda həmçinin partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsi ilə iqtisadi əməkdaşlığı fəalllaşdırmaq kimi mühüm məqamlar öz əksini tapıb. Bundan savayı müdafiə, təhlükəsizlik, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, habelə, mədəniyyət, idman, turizm, təhsil sahələrində münasibətlərimizi inkişaf etdirmək nəzərdə tutulub ki, bu da əməkdaşlığı yenişləndirmək üçün çox böyük imkanlar açır.


Dövlət başçısının xüsusi ilə diqqət yetirdiyi məqamlardan biri müdafiə sənayesi sahəsində əməkdaşlığın önə çəkilməsi məsələsi idi. Prezident İlham Əliyev qeyd etdi ki, hər iki ölkənin bu sahədə müəyyən təcrübəyə malik olması birgə müəssisələrin yaradılması imkanları gələcəkdə hərbi-texniki əməkdaşlığın inkişafına zəmin yaradır.


İki ölkə arasında əməkdaşlığın təkcə ikitərəfli səviyyədə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilməsi liderlərin çıxışında xüsusi vurğulanan məqamlardan idi. Vyetnamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı mövqeyini dəstəkləməsi və ölkələrimizin Qoşulmama Hərəkatındakı birgə fəaliyyəti bu həmrəliyin təzahürüdür. Prezident İlham Əliyevin dövlətimizin üçün beynəlxalq hüququn aliliyi və ölkələrin suverenliyinin qorunması prinsipinin əsas olduğunu bildirərək, mübahisələrin sülh yolu ilə həllinin vacibliyini vurğuladı.


Prezident İlham Əliyevin çıxışında vurğuladığı digər mühüm məsələ nəqliyyat dəhlizlərinin yaratdığı imkanlarla bağlı səsləndirdiyi fikirlər oldu. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsi ilə Azərbaycan və Vyetnam arasında coğrafi məsafələrin iqtisadi əməkdaşlıqla kompensasiya edilə biləcəyi düşüncəsi ortaya qoyuldu. Bu baxımdan dövlət başçısının qeyd etdiyi kimi nəqliyyat-logistika infrastrukturu iki ölkəni birləşdirən strateji platformaya çevrilə bilər.


Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan dövlət səfəri hərtərəfli və məhsuldar müzakirələrlə yadda qaldı. Prezident İlham Əliyevin bəyanatında əksini tapan istiqamətlər, tərəflərin qlobal konteksdə oxşar geosiyasi baxışlara sahib olduğunu, həm də bu baxışların konkret əməkdaşlıq formatlarına çevrilməsi üçün iradə nümayiş etdirdiyini göstərdi.


Beləliklə Vyetnam liderinin ölkəmizə səfəri iki ölkə əlaqələrinə yeni məzmun qataraq münasibətləri daha arzulanan pilləyə qaldırdı.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.