Dəmir yumruq » Manşet » Azərbaycan-İran əlaqələrində yeni mərhələ
Manşet / Siyasət / Dün, 11:00

Azərbaycan-İran əlaqələrində yeni mərhələ

 
Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin səviyyəsi regional inkişaf və təhlükəsizliyin təmin edilməsi baxımından hər zaman əhəmiyyət kəsb edib. Ölkəmiz region ölkələri ilə münasibətlərdə dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Azərbaycan yaxın qonşularından olan İran İslam Respublikası ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bir yerdə yaşayıb yaratmışlar. Xüsusilə din, dil və qədim tarixi köklər bu iki xalqın münasibətlərinə həmişə təsir göstərib, bir-birinə sıx bağlayıb. Sürətlə dəyişən geosiyasi mənzərə ölkələr arasında münasibətlərdə qısamüddətli dalğalanmalara səbəb olsa da, əlaqələrin həm strateji, həm də taktiki baxımından vacibliyi dost və mehriban qonşuluq münasibətlərinin güclənməsinə zərurət yaradıb.
İran 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyan ölkələrdən biri olub. 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan əlaqələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub və bu əlaqələr sonrakı illərdə möhkəm siyasi iradə sayəsində daha da genişlənib. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman İran ilə münasibətlərə xüsusi önəm verdiyini, bu əlaqələrin regionun inkişafına və təhlükəsizliyinə xidmət etdiyini dəfələrlə bəyan edib. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı liderlərin mətbuata birgə bəyanatla çıxışlarında bütün bu məqamlar bir daha xüsusi olaraq vurğulanıb. Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərdən bəhs edərkən qeyd edib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb və bu gün də münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir. İran prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının bir daha təzahürüdür. Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. İran prezidentinin böyük heyətlə Azərbaycana gəlməsi, bir çox önəmli sənədlərin imzalanması, xüsusilə prezidentlər səviyyəsində imzalanmış sənəd qarşılıqlı xoş niyyətimizi bəyan edir və bir-birimizə daha yaxın olmağa təşviq edir.
Bəllidir ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyir. Bu məqam Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmdə oldu. Dövlət başçısı vurğuladı ki, beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Prezidentin nitqində həmçinin İran prezidenti ilə keçirilən görüşlərdə regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsinə də istinad edilərək qeyd olundu ki, bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Həmçinin vurğulandı ki, məramımız, məqsədimiz Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.
Azərbaycan ilə İran arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri də liderlərin çıxışında xüsusi yer alan məqamlardan idi. Prezident İlham Əliyev qeyd etdi ki, onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün lazımi infrastruktur layihələrini həyata keçirib. Məsud Pezişkianın “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər” fikri son dərəcə əhəmiyyətli bir mesaj idi. Azərbaycanla İranın önəmli beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran dövlətimizin başçısı ölkələrimizin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq etdiyini bildirdi. Bundan başqa prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Keçirilən görüşlərdə eyni zamanda humanitar sahəsində, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi istiqamətində konkret tapşırıqların həyata keçirilməsi nəzərdə tutulduğu vurğulandı.
Heç şübhəsiz ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri münasibətlərimizin inkişafında əhəmiyyətli rol oynayacaq və ölkələrimiz arasında çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.