Dəmir yumruq » Manşet » Ekspert çağırış etdi: Bu taksi sürücülərini görəndə...
Manşet / Cəmiyyət / Bugün, 07:42

Ekspert çağırış etdi: Bu taksi sürücülərini görəndə...

 

Taksi fəaliyyəti ilə bağlı normativ baza kifayət qədər dolğundur və mövcud qaydalar sistemli şəkildə hazırlanıb. Əsas problem bu qaydaların icrası və nəzarət mexanizmlərindəki zəifliklərlə bağlıdır.
 
Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
 
Onun sözlərinə görə, 10 apreldə Heydər Əliyev prospektində baş verən taksi qəzası vətəndaşlar üçün də bir siqnal idi:
 
“Hər bir taksidə videoqeydiyyat cihazı və sürücü haqqında məlumat lövhəsi olmalıdır. Eyni zamanda, sifariş zamanı sistemdə adı qeyd olunan sürücü ilə əraziyə gələn sürücü eyni deyilsə, bu hal vətəndaşlar tərəfindən diqqətə alınmalı, etinasızlıq nümayiş etdirilməməlidir. “Bolt” şirkəti dəfələrlə çağırış edib ki, sürücülərinin qanunsuz hərəkətləri barədə məlumat verilsin. Lakin insanlar bəzən bu cür halları gizlədir, səbəb kimi isə “çörəyinə bais olmaq istəmədim” deyirlər. Nəticədə isə faciələr baş verir”.
 
Muradlı qeyd edib ki, qəza törədən şəxs ümumiyyətlə taksi sürücüsü olmayıb:
 
“Onun nə qeydiyyatı, nə də icazəsi olub. Sadəcə, bir taksi parkı “Bolt” şirkəti ilə əməkdaşlıq edərək, bu şəxsi qeyri-qanuni şəkildə sistemə daxil edib. Hətta avtomobil sistemdə bloklandığı halda, park məsuliyyətsizlik nümayiş etdirərək, maşını başqa şəxs adına qeydiyyatdan keçirib və istifadəyə verib”.
 
Ekspertin fikrincə, taksi parklarına nəzarət olunmalıdır:
 
“Bu gün bəzi parklar istismar məqsədilə belə insanlara maşın verirlər. Ayağında elektron qolbaq olan, məhkumluq həyatı keçirmiş, psixoloji baxımdan adekvat olmayan birinə avtomobil verilib. Bu, artıq təkcə hüquqi deyil, etik və sosial məsuliyyət məsələsidir”.
 
Bəzi hallarda məsuliyyətin AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) üzərinə atıldığını deyən ekspert bildirib ki, Agentlik bu kimi halları aşkar etdikdə, dərhal cəza tədbirləri tətbiq edir. Məsələn, yaxın keçmişdə tanınmış taksi şirkətlərindən biri 20 min manat məbləğində cərimə olunub:
 
“Bu, təkcə dövlət qurumlarının deyil, vətəndaşların da məsuliyyətidir. Hər bir kəs qayda pozuntusu gördükdə göz yummamalı, dərhal şikayət etməlidir. Susmaq faciələrə yol açır”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.