Qərbi Azərbaycana qayıdış məsələsinin APA kimi platformada təsdiqi böyük uğur sayılır.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.
“Bildiyiniz kimi, bu günlərdə Bakıda Asiya Parlament Assambleyasının 15-ci sessiyası keçirildi. Qürurla vurğulamaq istərdim ki, Assamleyanın yekun sənədi olan Bakı Bəyyanəməsində soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli qayıdış məsələsi öz əksini tapıb.
Öz yurdlarından qovulmuş azərbaycanlıların qayıdışı üçün bütün səyləri səfərbər edirik. Bu ideyanın belə bir platformada təsdiqi böyük uğur sayılır”, - deyə komitə sədri bildirib.
***
Qərbi Azərbaycan icmasının sədri, deputat Əziz Ələkbərli əlavə edib ki, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana dinc yolla qayıtmalıyıq.
“İndi artıq arsenalımızda formalaşmaqda olan yox, kifayət qədər formalaşmış, həm ölkə daxilində, həm də xaricdə lazımi qədər fəaliyyəti olan QHT ordusu durur. Yetər ki, o ordu əsas hədəfə yönəldilsin.
Sevindirici haldır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilk gündən bu istiqamətdə konkret addımlar atıb, hətta xüsusi qrant müsabiqəsi keçirib və sonralar da bu ənəni davam etdirməkdədir”, - deyə İcma sədri bildirib.
***
İctimai dinləmədə çıxış edən deputat Əhliman Əmiraslanov isə bizim Qərbi Azərbaycana hökmən qayıdacağımızı diqqətə çatdırıb: “Ölkə daxilində Qərbi Azərbaycana qayıdışla bağlı kifayət qədər işlər görürük. Əhalimizin bu barədə ətraflı məlumatı var. Bu gün isə əsas vəzifəmiz bu məsələləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bu torpaqların Azərbaycanın olmasını beynəlxalq ictimaiyyətə yaxşı çatdırmalıyıq”.
***
Deputat Zahid Oruc Qərbi Azərbaycana qayıdışa təsir edən faktlardan danışıb.
“Biz Şuşa mahnılarımızı, Xankəndi rəqsimizi nə zaman yaradacağıq? Qələbə marşlarımızı nə vaxt kütləvi edəcəyik? Bunlar Qərbi Azərbaycana qayıdışa təsir edən faktlar olacaq.
Biz Qərbi Azərbaycan mövzusunu Böyük Qayıdış konteksində dərk edirik. Böyük Qayıdış artıq milli ideyadır. Bu yalnız əraziyə qayıdış deyil, milli kimliyə, milli varlığa qayıdışdır. Bundan ötrü biz mütləq qələbə ideologiyamızı formalaşdırmalıyıq”.