Dostluq, sülh, tərəfdaşlıq, etibarlılıq, əməkdaşlıq məsələlərinə töhfələrini verən Azərbaycan dünyada yüksək imicə malik olan ölkədir. Qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir, ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər inkişaf etdirilir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də dövlətlərarası münasibətlərin inkişafına əsaslı təkan verir.
Bəllidir ki, bu gün Azərbaycan təkcə Cənubi Qafqaz, Mərkəzi Asiya, Xəzər hövzəsində deyil, daha geniş coğrafiyada regional əməkdaşlıq münasibətlərini genişləndirərək ciddi aktor rolunda çıxış etməkdədir. Biz son zamanlarda Azərbaycanın yaxın Şərq və Afrika coğrafiyasında da əməkdaşlıq münasibətləri qurub bu istiqamətdə ciddi addımlar atılmasının şahidi olmaqdayıq. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə də əlaqələrini daha da gücləndirir. Somali prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın göstəricisidir. Afrika ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edir. Bu həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından yeni perspektivlər açır. Prezident İlham Əliyev Somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında bildirdiyi kimi bu tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminik ki, səfər ölkələrimiz arasında sıx dostluq, qardaşlıq münasibətlərinin inkişafında yeni səhifə açacaqdır. Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri, həmçinin imzalanan sənədlər tərəflərin əlaqələrin inkişafında maraqlı olduqlarını bir daha nümayiş etdirdi.
Xatırladaq ki, Azərbaycanla Somali arasındakı diplomatik əlaqələr 2014-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövür ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır.
Əlbəttə ki, Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi qarşılıqlı fayda gətirəcək və uzun müddətli tərəfdaşlığa zəmin yaradacaq.
Səfər çərçivəsində regional geosiyasi vəziyyət, ölkələrin üzləşdiyi çağırışlar geniş müzakirə edilib. Dövlətlər ərazi bütövlüyünə, suverenliyinə qarşılıqlı dəstək, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqe diqqətə çəkilib. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim – deyən Azərbaycan prezidenti qeyd edib ki, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək. Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına şərait yaradır.
Mətbuata bəyanatla çıxışında prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişafında digər sahələrin, xüsusilə də müdafiə sahəsinin də önəmini vurğulayıb. Bu sahədə də əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. Qeyd olunub ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qayda da müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın daha da genişlənməsinə təkan verir.
Azərbaycan prezidenti çıxışında həmçinin dövlət xidmətləri sahəsində işbirliyinin də əhəmiyyətini vurğulayıb. “Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb”-deyən prezident bildirib ki, ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir: “Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.
Tərəfdaşlığımızın mühüm sahəsi kimi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəyi vurğulayan dövlət başçısı bildirib ki, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda əlaqələr yüksək səviyyədədir və bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.
Göründüyü kimi Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri cənab prezidentin mətbuata bəyanatında çıxışında qeyd etdiyi kimi tarixi səfər olaraq yadda qaldı və eyni zamanda belə bir əminlik ifadə etdi ki, bu səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərinin inkişafında önəmli bir yeni səhifə açacaqdır.