Dəmir yumruq » Manşet » “2 fevral - Azərbaycan gəncləri günü”dür
Manşet / Cəmiyyət / Bugün, 13:49

“2 fevral - Azərbaycan gəncləri günü”dür

 

 

 

Hər il ölkəmizdə təntənə ilə qeyd edilən 2 Fevral – Gənclər Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyən edən Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman gəncliyə böyük ümid bəsləyib, müstəqilliyimizin qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü bildirib. Azərbaycanın gələcəyinin yetişən gənc nəsildən asılı olduğunu xüsusi vurğulayaraq “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan prezidenti kimi mən tək bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.” söyləyən Ulu öndər Azərbaycan gəncliyinə xitabən deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Məhz bu baxımdan Azərbaycan müstəqillik qazandıqdan sonra ən çox diqqət yetirilən sahələrdən biri də gənc nəslin təlim-tərbiyəsi oldu. Belə ki, 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində olduğu kimi gənclər siyasətində də əsaslı və köklü dəyişikliklər yarandı. Azərbaycan Gənclər Günü, Azərbaycanda gənc istedadlara dövlət qayğısı, dövlət gənclər siyasəti sahəsində çoxsaylı fərman və qanunlar verməklə gənclərin dövlət idarəetməsində iştirakı təmin edildi, həm də gənclərə dövlətin diqqətini hiss etdirdi. Bu məqsədlə gənc kadrların hazırlanması və təşkilatlanması üçün 1994-cü ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin yaradılması ilə Azərbaycanda gənclər siyasətinin icrasına başlanıldı. Ümummilli Liderin Gənclər Forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumu keçirildi. 1997-ci il 2 Fevral tarixində Heydər Əliyevin imzaladığı Fərmanla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.


Əlbəttə ki, əvvəlcədən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün gənc nəsilə müvafiq şəraitin yaradılması da zəruri şərtlərdən idi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev gənclərin problemləri ilə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclik siyasətinin ayrı-ayrı istiqamətlərini dəqiq müəyyənləşdirmiş, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıraraq onları öz layiq olduğu mərtəbəyə yüksəldə bilmişdi. Heydər Əliyev ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu hər zaman önə çəkərək gənc nəslin fiziki və mənəvi baxımdan sağlamlığının, onların milli-mənəvi ruhda formalaşmasının, ən müxtəlif sahələrdə dərin elmi biliklərə yiyələnməsinin, gənc kadrların yetişməsinin dövlət üçün son dərəcə önəmli olduğunu vurğulayırdı.


Ulu öndər dövlətin və xalqın taleyinin məhz gənclərdən asılı olduğunu daim diqqət mərkəzinə çəkib və bu gələcəyin parlaq və xoşbəxt olması üçün onlara olan diqqət və qayğını əsas amillərdən hesab edib. Məhz bu diqqət və qayğının sayəsində Azərbaycan gəncliyi Ümummilli liderimizin yüksək etimadını doğrultdu və hər bir Azərbaycan gəncində bu ölkə üçün dəyərli vətəndaş olmaları inamını daha da gücləndirdi.


Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında artıq bir nümunəyə çevrilib. Günbəgün uğurlara imza atan dövlətimiz regionun lider dövləti olmaqla yanaşı, eyni zamanda mütərəqqi gənclər siyasəti ilə də dünyada fərqlənir və şübhəsiz ki, bu, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, hümanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu, birbaşa dövlət gənclər siyasətinin effektivliyinin göstəricisidir. Sözsüz ki, Ümummilli liderin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gəncliyinin ən böyük rəşadəti isə 44 günlük Vətən müharibəsində yazdığı qəhrəmanlıq dastanı oldu. Şanlı Azərbaycan ordusunun sıralarındakı vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların qəhrəmanlığı, rəşadəti sayəsində əldə olunan şanlı Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı 30 illik həsrətdən sonra tarixi yurd yerlərimizə yenidən qovuşmağımıza səbəb oldu. Bununla bağlı olaraq Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev onların qəhrəmanlığını, şucaətini  yüksək qiymətləndirərək demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edirik. Bizim gənclərimiz vətən uğrunda, torpaq uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Eyni zamanda dövlət başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz, mən də sizə arxalanıram” – sözləri prezidentin Azərbaycan gənclərinə etimadının, diqqət və qayğısının göstəricisi olmaqla yanaşı, dövlətin gənclərə olan inam və dəstəyinin  bariz nümunəsidir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.