Dəmir yumruq » Manşet » Nəqliyyat islahatları: Dayanıqlı inkişafın yeni perespektivləri
Manşet / Siyasət / Dün, 16:35

Nəqliyyat islahatları: Dayanıqlı inkişafın yeni perespektivləri

 

Yanvarın 28-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəqliyyat məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə Azərbaycanın nəqliyyat imkanları, nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlar və gələcək perspektivlər müzakirə olunub. Eyni zamanda hazırki dövrün əsas çağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyat layihələrindən geniş şəkildə bəhs edilib.


Prezident İlham Əliyevin çıxışında ilk olaraq Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı məsələləri geniş yer alıb. Dövlət başçısı qeyd edib ki, baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük layihələr icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Ölkə başçısının vurğuladığı kimi bunun təbii səbəbləri vardır. Belə ki, ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən ilə artır. Son  30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər-yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki: Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb.


Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsində oynadığı rol və bu istiqamətdə həyata keçirilən  mühüm tədbirlərdən də geniş bəhs edib. Dövlət başçısının nitqində vurğulanıb ki, Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.


Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi nəqliyyat dəhlizləri nəticəsində Avrasiya coğrafiyasında oynadığı rolun əhəmiyyətini geniş şərh etməklə yanaşı, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının mövqeyini bütün maraqlı tərəflərin diqqətinə çatdırdı və həmçinin qətiyyətli bəyanatlar səsləndirdi: Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur.


Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının vacibliyindən söz açan prezident İlham Əliyev Ermənistanın qeyri-real layihələrinin davamı olaraq son günlərdə ortaya atdığı dirnaqarası “Sülh kəsişməsi” layihəsi haqqında da söz edərək, bu layihəni bütün dünya ölkələrinə təqdim etdiklərini, lakin bu dırnaqarası layihənin Azərbaycanın iştirakı olmadan heç bir qiymətinin olmadığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Daha sonra dövlət başçımız qətiyyətli mövqeyini nümayiş edərək bildirdi ki, Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin.


Prezident İlham Əliyev həmçinin Naxçıvan Muxtar Respublikasının lazımi ehtiyaclarını təmin etmək üçün Azərbaycanın bütün imkanlarını səfərbər etdiyini, ilk növbədə, İran İslam Respublikası ərazisindən yüklərin və sərnişinlərin daşındığını, digər imkanlarımızın da mövcud olduğunu bildirdi. Prezident eyni zamanda bütün bu vasitələrin iqtisadi cəhətdən daha əlverişsiz olduğunu və məsafə baxımından uzaqlıq təşkil etdiyini diqqətə çatdırdı. Prezident həmçinin Gürcüstan və Türkiyə ərazilərindən də bu bağlantı yaratmağın mümkünlüyünü qeyd etdi və ən rahat yol və ən uyğun imkanların prioritet təşkil etdiyini açıqladı. Dövlət başçısı həmçinin Ermənistana növbəti dəfə xəbərdarlığını etdi: “Bununla belə görəndə ki,  Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir. Lakin Ermənistanın tranzit ölkəyə çevrilmə arzusu gözündə qalacaq.”


Prezident həmçinin vurğuladı ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir.


Prezident İlham Əliyev eyni zamanda nitqində tarixi xatırlatma edərək XX əsrdə Azərbaycana qarşı baş vermiş cinayətlərdən də bəhs etdi: Qərbi Zəngəzuru sovet hakimiyyəti əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Həmçinin Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı faktlarını da yenidən səsləndirdi. Yəni, bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.


Prezident son 20 ildə reallığa çevrilən nəqliyyat layihələrindən, bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu, səkkiz beynəlxalq hava limanının inşası, o cümlədən ölkənin bütün ərazisində yol-nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən nəhəng işlərdən həmçinin, azad edilmiş ərazilərdə nəqliyyat layihələrinin icrası istiqamətində reallaşdırılan mühüm tədbirlərdən də geniş şəkildə bəhs etdi.


Göründüyü kimi Azərbaycan hər bir hədəfə zamanında  və yüksək səviyyədə nail olur. Bütün bunlar isə düşünülmüş və uğurlu siyasətin nəticəsidir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.