Xəbər lenti
Dəmir yumruq » Manşet » 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 35 il ötür
Manşet / Cəmiyyət / 20-01-2025, 12:58

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 35 il ötür

 

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində qanla yazılmış bir səhifədir. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin ən faciəli, lakin şərəfli günlərindən biri kimi xatırlanır.


Bu faciə xalqımızın yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Azərbaycanın müstəqillik yolunda dönməz qərarının ifadəsi idi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix XX əsr boyunca xalqımızın apardığı azadlıq, istiqlaliyyət mübarizəsinin parlaq ifadəsi idi. Qanlı Yanvar hadisəsi, eyni zamanda Azərbaycan xalqının öz hüquqları uğrunda mübarizədə nə qədər qətiyyətli olduğunu göstərdi. O gecə Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin dönüş nöqtəsi oldu. Bu faciəli hadisələrdən dərhal sonra Azərbaycan xalqı daha böyük əzmlə milli müstəqillik yoluna qədəm qoydu. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və Qanlı Yanvar şəhidlərinin qanıyla yazılan bu tarix ölkəmizin azadlıq yolundakı qurbanların əbədiləşmiş simvolu oldu.


Bu faciə xalqımızın milli azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olmaqla yanaşı, sovet imperiyasının dinc insanlara qarşı törətdiyi misilsiz cinayətlərinin təzahürüdür. SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorboçov və müdafiə naziri Dimitri Yazovun rəhbərliyi ilə Azərbaycanın istiqlal hərəkatının üzvlərinə divan tutuldu. 19 yanvardan 20 yanvara keçən gecə Qorboçov və onun rəhbərlik etdiyi güc nazirləri Bakıya qoşun yeritməyi qərara aldılar. Bu qəfil hücum nəticəsində yüzlərlə əliyalın insanın həyatına son qoydu, yaralandı və itkin düşdü. Gecə boyu Bakıda sovet hərbçiləri tərəfindən həyata keçirilən bu qanlı əməliyyat zamanı 82 nəfər amansızcasına qətlə yetirildi, 20 nəfər isə ağır yaralandı. Fövqəladə vəziyyət elan edildikdən sonra belə, yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Sovet rejiminin bu cinayətləri, əslində, Azərbaycan xalqının milli müstəqillik arzularını və azadlıq ideallarını boğmaq məqsədi daşıyırdı. Lakin bu qanlı hücum xalqın iradəsini qıra bilmədi. Əksinə, yanvarın 20-si milli birliyimizin sarsılmaz rəmzinə çevrildi. Həmin gecə şəhid olan qəhrəmanlar azadlıq uğrunda mübarizəmizin alovunu daha da gücləndirdilər.


Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi yüksək ehtiram onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin əyani təzahürüdür. Təbii ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və uzaqgörən siyasətin rolu danılmazdır. 1993-cü ildən başlayaraq Azərbaycan dövləti 20 Yanvar hadisəsinin tarixi və ictimai-siyasi mahiyyətinə xüsusi diqqət yetirmiş, şəhidlərin xatirəsini əziz tutaraq onların ailələrinə və yaxınlarına daima qayğı göstərmişdir. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il 21 noyabr tarixində 20 Yanvar faciəsinə ilk siyasi qiyməti vermişdir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında 20 Yanvar faciəsinin 4-cü il dönümünün keçirilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə xüsusi sessiyanın təşkil edilməsi məsələsinə baxmaq tövsiyə edilmişdir. Milli Məclisin 1994-cü il 29 mart tarixdə qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret olaraq göstərilmiş və bu qanlı hadisə Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın iradəsini zəiflətmək məqsədi ilə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. Həmçinin 20 Yanvar Ümumxalq Hüzün Günü kimi elan edilib, şəhidlərin xatirəsi dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Bu tədbirlər Azərbaycanın müstəqillik mübarizəsi və qəhrəmanlıq tarixinin bir parçası olaraq gələcək nəsillərə çatdırılmasını təmin edir.


Qanlı Yanvar hadisələrindən bizi 35 illik bir tarix ayırır. Bu müddət ərzində Azərbaycan xalqı müstəqilliyini bərpa etmiş, müasir və güclü bir dövlət qurmuşdur. Xalqımız böyük inkişaf yolu keçərək dünya ölkələri arasında özünəməxsus və şərəfli yerini tutmuşdur. Faciəvi hadisələrdə canından keçmiş qəhrəmanlarımızın xatirəsi daim xalqımızın yaddaşında xüsusi ehtiramla yaşadılır. Hər il minlərlə insan Şəhidlər Xiyabanına üz tutaraq, azadlıq və müstəqillik yolunda canını fəda etmiş oğul və qızlarının ruhunu ehtiramla yad edir.


Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Qanlı 20 Yanvar hadisələrinin 35-ci il dönümünü yeni tarixi reallıqda – Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdığı bir zamanda qeyd edirik. O zəfər ki, tarixi ədaləti bərpa etdi, o qələbə ki, bütün şəhidlərin ruhunu şad edib. Bu qələbə doğma torpaqlarımızı – işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytarıb.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: Demiryumruq@gmail.com
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.