Dəmir yumruq » Manşet » ‘’Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır’’ Prezident İlham Əliyev
Manşet / Siyasət / 30-12-2024, 10:02

‘’Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır’’ Prezident İlham Əliyev

 

AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezidentin AzTv-yə verdiyi müsahibədə bir çox vacib məqamlar obyektiv şəkildə işıqlandırılmış və qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslər Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmişdir

AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar ölkə prezidenti cənab İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibə verib. Prezident İlham Əliyevin AzTv-yə verdiyi müsahibədə hadisə ilə bağlı bir çox vacib məqamlar obyektiv şəkildə işıqlandırılmışdır. Eyni zamanda mühüm faktlar səsləndirilib, detallar açıqlanıb.

Müsahibədə prezident İlham Əliyevin nitqində Rusiyanın bəzi dairələrinin ilk üç gün ərzində təyyarə qəzası ilə bağlı cəfəng versiyalar səsləndirdiyi, Rusiya tərəfinin məsələni ört-basdır etmək istədiyi vurğulanıb. Eyni zamanda Azərbaycanın Rusiya tərəfindən öz günahını etiraf etməyi və günahkarları cəzalandırmağı, cinayət məsuliyyətinə cəlb etməyi və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməli olduğu qeyd olunub.

Dövlət başçısı müsahibədə qeyd edib ki, qəzanın təfərrüatlarının tam araşdırılması məqsədi ilə Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub. Rusiya tərəfinin Dövlətlərarası Aviasiya Komitəsinin bu işi araşdırması barədə rəsmi təklifi tamamilə əsaslı olaraq rədd edilib. Cənab prezident bu məsələyə aydınlıq gətirərək bildirib ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Buna görə də obyektivlik amillərinin tam təmin ediləcəyinə təminat vermək olmazdı. Əlbəttə ki, əgər qəza baş verəndən dərhal sonra Rusiya tərəfindən ədalətli və adekvat addımlar atılsaydı, Azərbaycan bəlkə də bu təklifə etiraz etməzdi. Lakin Rusiyanın bəzi qurumları tərəfindən baş vermiş hadisənin təfərrüatlarını ört-basdır etmək cəhdləri aşkar şəkildə özünü büruzə verdi. Buna görə də Azərbaycan tərəfi məhz beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasında israrlı oldu.

Ölkə rəhbəri qəza zamanı pilotların və təyyarənin bütün heyyət üzvlərinin peşəkarlığını, fədakarlığını, böyük qəhrəmanlıq nümayiş etdirdiklərini xüsusi qeyd edib. Öz müsahibəsində cənab prezident bu məqamı xüsusi olaraq diqqət mərkəzinə çəkdi və bildirdi ki: “Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi. Pilotlar və ekipaj üzvləri – onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.”

Prezident eyni zamanda qazaxıstanlı xilasedicilərin şücaətini yüksək qiymətləndirərək və bu barədə də açıqlamalar verdi: “Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar.”

Müsahibə zamanı Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması barədə də prezident İlham Əliyev vacib açıqlamalar verdi: “Bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki, Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər.

 AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi.”

Cənab prezident sonda Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri barədə qətiyyətli fikirlərini səsləndirdi: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.”

 

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:

Kşnyakin İqor İvanoviç (ölümündən sonra)

Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)

Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)

1-ci dərəcəli “Rəşadət” ordeni ilə:

Əsədov Zülfiqar Sərdar oğlu

Rəhimli Aydan Vaqif qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2024-cü il



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.