Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 21 ildə əsrə bərabər inkişaf yolu keçib. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər intibah, inkişaf və tərəqqi dövrü kimi müasir tariximizin parlaq səhifəsini təşkil edir. Belə ki, genişmiqyaslı siyasət, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Bu dövr eyni zamanda Azərbaycanın güclü və dayanıqlı dövlət quruculuğunun təmin edildiyi, torpaqlarını işğaldan azad etdiyi və regionun lider ölkəsinə çevrildiyi bir mərhələ olmuşdur. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün çağırışlarına uyğun zənginləşdirən prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün tələblərinə çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. O yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Onun düşünülmüş islahatları və müdrik qərarları ölkəmizin həyatına yeni nəfəs verməklə yanaşı, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının prezidenti olmaq onun həyat fəlsəfəsidir. O daima sadə insanların yanında olur, hətta həyatındakı əlamətdar, sevincli günlərini öz doğma xalqı ilə bölüşür. Ad günlərində adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərdə prezidentin şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışında, habelə yeni salınmış köçkün qəsəbələrində zamanla keçirdiyi görüşlər, onlara göstərdiyi diqqət və qayğının hər zaman bariz nümunəsi olub.
50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Sonuncu ad günündə isə prezident İlham Əliyev Ağdama səfər edərək bir sıra infrastruktur obyektlərinin açılışında iştirak edib və təməlini qoyub. Onun həyat və fəaliyyətinin ən mühüm məqamları ölkəmizin inkişafı naminə gördüyü misilsiz işlər, bu zəngin və möhtəşəm missiyanın müasir Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldığı şanlı səhifələrdir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləməklə bugünkü zəfərlərimizin təməli qoyuldu. Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün göstəricisidir. O, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi ki, bu da onun yüksək liderlik keyfiyyəti ilə bağlıdır. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edir.
Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 21 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Bu müddət ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafına nail olub, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, müasir ordu quruculuğu peşəkar səviyyəyə çatdırılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. 2003-2024-cü illər bütövlükdə tariximizə yüksəliş dövrü kimi daxil olub.
Bu illər ərzində həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərib. Eyni zamanda prezidentin yürütdüyü xarici siyasət nəticəsində ölkəmiz 2012-ci il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi, COP29 kimi qlobal tədbirin ölkəmizdə keçirilməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin göstəricisidir. Dövlətimizin başçısı beynəlxalq əməkdaşlığı daha da gücləndirərək Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini təmin etmişdir. Bu, ölkəmizin inkişafı və dünya arenasındakı mövqeyini daha da möhkəmləndirən əhəmiyyətli bir addım olmuşdur.
Prezident İlham Əliyevin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini davam etdirməsi nəticəsində Azərbaycan bu gün bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlət başçımızın enerji siyasəti ilə bağlı həyata keçirdiyi təşəbbüslər və reallaşan layihələr regional çərçivədən çıxaraq qlobal miqyas alıb.
Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, xalq-lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub.
Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi, Qarabağda erməni separatizminin kökünün kəsilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir.
Göründüyü kimi, 21 ilin uğurlarını sadalamaqla bitməz, miqyası olduqca möhtəşəmdir. Ötən illər ərzində cənab İlham Əliyevin atdığı addımların hər biri gələcəyə, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycanın qurulmasına, tanınmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə yönəlmişdir. Möhtərəm prezidentimizin müəllifi olduğu bugünkü qüdrətli Azərbaycan Ulu öndərimizin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.