......
IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub.
Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən və dekabrın 1-də açılış mərasimi olan IV Şəki Beynəlxalq Teatr Festivalı Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.
Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər. Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın şəhərin mədəni həyatı üçün çox vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal bir məkandır.
E. Usubov bildirib ki, 1879-cu ildə Şəkidə ilk dəfə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaya qoyulub. Görкəmli коmеdiyа ustаsı Sаbit Rəhmаnın аdı vеrilən teatr 1976-ci ildə rəsmi fəaliyyətə başlayıb. Həmin vaxtdan 48 il keçib və bu müddət ərzində teatrın səhnəsində Azərbaycan dramaturqlarının və dünya klassiklərinin 200-dən çox əsəri tamaşaya qoyulub.
Rəsmi açılış mərasimindən sonra Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib.
Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrın adından xatirə hədiyyələri və təltiflər təqdim olunub.