Xəbər lenti
Dəmir yumruq » Manşet » Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır – Prezident  İlham Əliyev
Manşet / Siyasət / 12-11-2024, 15:46

Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır – Prezident  İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva  və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər Parkının açılışında iştirak ediblər.  Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.


Daha sonra prezident İlham Əliyev xalqa müraciət edib. Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi təbrik edən Müzəffər Ali Baş Komandan hər zaman olduğu kimi şəhidlərimizin əziz xatirəsini yüksək tutulacağını bildirib. Vətən müharibəsində ordumuzun göstərdiyi yüksək şücaət və fədakarlıqdan bəhs edib. Prezident çıxışında qeyd edib ki, ordumuz şəhidlərimizin və bütün günahsız qurbanların qisasını, qanını döyüş meydanında aldı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixi, parlaq qələbəsi olaraq əbədi olaraq yaddaşlara həkk olundu.


44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedərək torpaqlarımızı Ermənistanın işğalından azad etdi. 300-dən çox şəhər və kəndimiz işğalçılardan azad olundu. 2020-ci ilin noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Nəticədə güclü Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən işğalçı Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ölkə başçısının çıxışında vurğulandığı kimi torpaqlarımız otuz il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Ermənistan və onun arxasında duran qüvvələr işğalı qəbul etdirmək üçün müxtəlif yollara əl atırdı. Məqsədləri status-kvonu saxlamaq, Azərbaycanı işğala barışdırmağa məcbur etmək idi. Sülh və danışıqlardan başqa məsələnin həlli yolunun olmadığı iddiası davamlı olaraq gündəmə gətirilirdi, iddia olunurdu ki, bu münaqişənin hərbi həlli yoxdur. Sözsüz ki, sülh danışıqları uğursuzluqla bitdikdən sonra və Ermənistanın işğala rəğmən təxribatları davam etdirdiyi ərəfədə yeganə çıxış yolu Azərbaycan özünün beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü hərbi müstəvidə təmin etmək idi.


Ulu Öndər strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın milli və dövlətçilik maraqlarını ən yüksək səviyyədə təmin edərək yeni bir reallıq yaratmış oldu.


Prezident İlham Əliyev Zəfər parkının açılışında etdiyi çıxışda eyni zamanda bir çox vacib mesajlar səsləndirdi: “Ermənistanın qərbdəki bəzi havadarları bu ölkədən “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu otuz il işğal olmayıb, dağıntılar olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbrlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Ancaq biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu qələbəni yaxınlaşdırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.”


Ölkə başçısı çıxışında antiterror əməliyyatlarına da diqqət çəkərək qeyd etdi ki: “2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitab bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonraki dövr ərzində antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cu illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticəsi hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamafoblar, Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu Ermənistan dövləti üçün tam faciə ola bilər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.”


Prezident İlham Əliyev çıxışında bir daha bəyan etdi ki, güclü Azərbaycan dövləti, Azərbaycan Ordusu ölkəmizə qarşı yönələn istənilən təxribatın qarşısını almağa qadirdir. Ona görə Ermənistan və ona havadarlıq edən qüvvələr baş verəcək yeni təxribatın nəticələrini öncədən düşünməlidirlər. Biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu, aparılan qarayaxma kampaniyası Azərbaycan iradəsinə təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətmizdir, tarixi zəfərimizdir. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.