9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan MR-da yenidən ucaldılıb. Bundan bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub.
Sonrakı dövrdə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. Azərbaycan Respublikası yeni bir tarixi mərhələyə daxil oldu. Heç şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini bariz şəkildə nümayiş etdirir.
Dövlət Bayrağımızı səciyyələndirən Ulu Öndər deyirdi: “Azərbaycan bayrağı, sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Bayraq millətin, dövlətin şərəf və və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Dövlət rəmzlərinə hər zaman sahib çıxan, onu göz bəbəyi kimi qorumağı bacaran Azərbaycan xalqı sözsüz ki, şanlı dövlətçilik rəmzimizi ən yüksək zirvələrdə dalğalandırmağı bacardı. 44 günlük Vətən müharibəsində azad edilən hər bir kənddə, qəsəbədə, şəhərdə, yüksəklikdə ucaldılan üçrəngli bayrağımız milli qürur hissimizin ən uca zirvəsi hesab edilirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində qürurla yüksəltdiyi uca bayrağımız bu gün ölkəmizin bütövləşmiş sərhədləri boyu dalğalanmaqdadır. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır.
Tarixi Zəfər fonunda müstəqilliyinin ən parlaq dövrünü yaşayan Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb. Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil, güclü Azərbaycan dövləti prezident İlham Əliyevin liderliyi və praqmatik uğurlu siyasəti ilə bu gün regional və qlobal miqyasda aparıcı mövqeyə yüksəlib. Şanlı üçrəngli bayrağımız bütün azad edilmiş torpaqlarımızda olduğu kimi dünyanın ən mötəbər təşkilatlarında, tədbirlərində böyük qürurla dalğalanır.
Dostlarımızı sevindərin, düşmənlərimizi xar edən üçrəngli bayrağımız dövlətimizin əzəmətini və gücünü bütün dünyaya təsdiqləyir. Bütövləşən Vətənimizdə qürurla dalğalanır – bu torpaqların əbədi sahibinin kim olduğunu bir daha bəyan edir.
Dövlətimizin, xalqımızın gücünə güc qatan Bayrağımız daim zirvələrdə dalğalansın!