Xəbər lenti
Dəmir yumruq » Manşet » Şuşa şəhəri  günü tarixi zəfərimizin şanlı günüdür  
Manşet / Siyasət / 8-11-2024, 18:46

Şuşa şəhəri  günü tarixi zəfərimizin şanlı günüdür  

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfə böyük təntənə ilə qeyd edir.


8 Noyabr – Zəfər Günü uzun illər Ermənistan silahlı qüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyət çəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətin təntənəsini simvalizə edir.


Bu Zəfər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün cənab prezident İlham Əliyevin inamla və böyük uğurla həyata keçirdiyi qalibiyyətli siyasi kursun, xalqımızın öz liderinə olan dərin inam və etimadının sarsılmaz birliyinin nəticəsidir.


Hər zaman olduğu kimi, bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, unudulmaz xatirəsini əziz tuturuq. Eyni zamanda, şəhid ailələrini, torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi, veteranlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımızı bildiririk.


Bu gün 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa Zəfərindən 4 il ötür. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində səbrsizliklə gözlənilən müjdəni verdi və bununla da əslində müharibənin taleyi faktiki olaraq həll olundu. Ertəsi gün Laçın rayonunun kəndləri də daxil olmaqla 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət, noyabrın 9-dan 10-a keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altında olan digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapituliyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-ə dək kəndi işğaldan azad etdi. Şanlı Vətən müharibəsinin hər günü, hər dəqiqəsi, hər saniyəsi qəhrəmanlıq salnaməsidir. Lakin Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.


Şuşa zəfəri Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Bu, yalnız hərbi gücün Qələbəsi deyil, həm də Azərbaycan xalqının milli kimliyini və öz torpağına olan sevgisini təsdiqləyən bir hadisə idi. Şuşanın azad edilməsi Azərbaycan xalqının əzmini, vətənə bağlılığını və tarixi ədalətin bərpası uğrunda olan mübarizənin simvolu olaraq yaddaşlara həkk olundu. Bu möhtəşəm qələbə Azərbaycanın hərbi-iqtisadi gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, xalq-iqtidar birliyinin təntənəsi idi.


Vətən müharibəsindən ötən dövrdə Zəfər yürüşünün gözlənilən davamı gəldi, Azərbaycanın dövlət suverenliyi tam bərpa oldu. Cəmi 1 sutka davam edən antiterror əməliyyatı növbəti parlaq qələbə olaraq tariximizin zəfər zirvəsini təşkil etdi. Keçirilən uğurlu əməliyyatlar Ali Baş Komandanın qətiyyətini, Ordumuzun gücünü bir daha dünyaya nümayiş etdirdi. Düşmən 4 il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu. Qarabağ mövzusu birdəfəlik olaraq qapandı. Ötən il oktyabrın 15-də isə növbəti tarixi hadisənin şahidi olduq. Dövlət başçımız prezident seçilməsinin 20-ci il dönümündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı.


Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən isə 8 Noyabr – Şuşa Şəhəri Günü kimi qeyd olunması qərara alındı. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.


Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən tədbirlər hər birimizi qürurlandırır. Bu gün işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən azad Şuşaya yenidən həyat qayıdır. Bu qayıdışla Şuşaya yeni ruh, yeni nəfəs gəlir. Azadlığına qovuşmuş qədim şəhərimiz artıq böyük quruculuq, bərpa işləri, möhtəşəm tədbirlər məkanına çevrilib. Müasir idarəçilik sistemi tədbiq edilib. Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada fəaliyyətə başlayıb. Görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edən təkmil idarəçilik sisteminin uğurları həm bərpa işlərinin miqyasında, həm də bu torpaqlara sakinlərin mərhələ-mərhələ qayıdışında aydın ifadəsini tapır. Şuşanın əvvəlki simasının özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir. Hər daşının, qayasının altında bir tarix yatan Şuşa bu gün eyni zamanda iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqət mərkəzinə çevrilib. Qarabağın döyünən ürəyi Şuşa ilə bağlı xeyli sayda qürurverici addımları sadalamaq olar. Bir faktı demək kifayətdir ki, bu tarixi şəhərdə müxtəlif mövzularda beynəlxalq tədbirlərin keçirilməsi reallıqlarımızın bu məkandan dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır.


Xalqımız prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də əbədi olaraq qürur mənbəyi olacaqdır.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.