Dəmir yumruq » Manşet » "Moldova, sən bu gün qalib gəldin...” - Sandudan ilk açıqlama
Manşet / Dünya / 4-11-2024, 13:11

"Moldova, sən bu gün qalib gəldin...” - Sandudan ilk açıqlama

 

Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticəyə əsasən, seçki protokollarının 98,92% faizi sayılıb və hazırkı Prezident Maya Sandu ikinci turda qalib gəlib. O, 55,04 faiz, rəqibi Aleksandr Stoyanoqlo isə 44,96 faiz səs toplayıb.
 
Demiryumruq.az məlumatına görə, M.Sandu da öz növbəsində seçkilərdə qələbə qazandığını elan edib. 
 
O, “X” hesabında etdiyi paylaşımında ölkədə və xaricdə səs verən bütün moldovalılara təşəkkürünü bildirib:
 
“Moldova, sən bu gün qalib gəldin. Biz birgə öz birliyimizin, demokratiyanın gücünü və layiqli gələcəyə sadiqliyimizi nümayiş etdirdik. Hər bir vətəndaşın səsi - mənə, yaxud rəqibim Aleksandr Stoyanoqloya üstünlük verməklərindən asılı olmayaraq ölkənin gələcəyinə yatırımdır. Hər kəs üçün prezident olmaq öhdəliyini üzərimə götürürəm”.
 
52 yaşlı Sandu, həmçinin ölkə vətəndaşlarını respublikada sülh və sabitlik üçün sakitliyi qoruyub saxlamağa çağırıb.
 
Qeyd edək ki, Moldovada prezident seçkilərinin noyabrın 3-də baş tutan ikinci turu zamanı ölkənin hazırkı Prezidenti Maya Sandu ilə keçmiş Baş prokuror, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo mübarizə aparıb. Sandu əsas olaraq Avropaya inteqrasiya və Rusiyaya qarşı sanksiyalar siyasətini rəhbər tutur. Stoyanoqlo isə ondan fərqli olaraq Rusiya ilə praqmatik münasibətlərin saxlanılmasının tərəfdarıdır. Bununla belə, keçmiş Baş prokuror Avropaya inteqrasiya məsələsini dəstəkləməklə yanaşı, Rusiyanın Moldova iqtisadiyyatı üçün əhəmiyyətinə də diqqət çəkir.
 
Onu da bildirək ki, Maya Sandu 2020-ci ilin dekabrından Moldova prezidenti idi.

 

 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.