Təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı əzəli torpaqlarımızın azad olunmasından 4 il ötür. Xalqımızın tarixinə möhtəşəm Zəfər Günü kimi qızıl hərflərlə yazılan 8 Noyabr bayramı ölkə prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdəlik fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan ordusunun güc-qüdrətinin, yenilməz döyüş ruhunun məntiqi nəticəsidir. Bu, eyni zamanda bütün dünyaya xalqımızın torpaq-yurd sevgisinin, haq-ədalət uğrunda mübarizə əzminin, yumruq kimi bir olmağının, milli birliyinin nümayişinin təsdiqinə çevrildiyi gündür. Bu, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığını təsdiqləyən qəhrəmanlıq salnaməsinin parlaq ifadəsidir. Bu qələbənin əsasında xalqımızın əzmkarlığı, əminliyi dayanırdı ki, hər bir vətəndaşımız müharibənin ilk günündən ordumuzun döyüşü zəfərlə başa vuracağına inanırdı. Ona görə ki, bu əminlik haqdan, ədalətdən qaynaqlanırdı.
2020-ci il sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər əbədi olaraq Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədi daşıyan tarixi Fərman - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi ilə hər bir azərbaycanlı üçün qürurverici hadisəyə çevrildi.
Son 200 ilə yaxın dövrdə təcavüzkar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan vermişdir. Təəssüf ki, zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. 10 minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdi. Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilmədi. Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altında qalması faktı ilə heç vaxt barışmadı. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət bu günə hesablanmış qərarlar idi. Qətiyyətli siyasi iradə sayəsində reallaşdırılan islahatlar Azərbaycanı bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəltdi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu. Nəticə isə tarixi zəfər, möhtəşəm qələbə olaraq yaddaşlara həkk oldu.
Bu döyüşlərdə misilsiz qəhrəmanlıqlar nümayiş etdirən hərbçilərimizin vətən sevgisi, torpaq təəssübkeşliyi ən danılmaz amillərdən idi. Yüksək vətənpərvərlik ruhu, torpağa, yurda sonsuz sevgilərlə savaşa atılan gənc əsgər və zabitlərimiz üçün Qarabağ sadəcə torpaq demək deyildi, onlar həm də Qarabağın xalqımızın ləyaqəti, şərəfi, taleyi olduğunu yaxşı bilirdilər. Ona görə də ordumuz bu hisslə, bu yanğı ilə 44 gün ərzində mərdliklə döyüşdü, misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi. Tarixi ərazilərimiz uğrunda savaşda əsgər və zabitlərimiz tərəfindən istilaçıların 30 il ərzində qurduğu istehkamların böyük peşəkarlıqla dağıdılması, yüksəkliklərdə düşmən maneələrinin şücaətlə yarılması, Şuşa qayalıqlarını cəsarətlə dırmaşaraq bu qədim şəhərimizdən erməni faşistlərinin süngü ilə qovulması bunun bariz nümunəsi idi.
Müharibə dövründə ölkəmiz bütün cəbhələrdə uğurla mübarizə apararaq qələbə çaldı. Bu dövrdə ölkə başçısının informasiya cəbhəsində apardığı mübarizəni xalqımız xüsusilə qiymətləndirir. Dövlət başçımız xarici mətbuata müsahibələrində xüsusi peşəkar və vətənpərvər ritorikası ilə xalqın xüsusi rəğbətini qazanmışdır. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında daha mübariz, qürurla durmağa ruhlandırdı. Dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibədə prezidentin münaqişə ilə bağlı əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında da böyük rol oynadı. Bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğuru olaraq böyük əhəmiyyət kəsb etdi.
Azərbaycanın qəti və prinsipial mövqeyi nəticəsində tarixi ərazilərimizdə heç bir “boz zona”nın qalmasına imkan verilməmiş, Azərbaycan Respublikasının konstitusiya quruluşu və suverenliyi tam bərpa olunmuşdur. Xüsusilə qeyd etməliyik ki, bu istiqamətdə həyata keçirilən antiterror əməliyyatı mühüm əhəmiyyət kəsb etdi. Şuşa zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu qələbə Zəfərə bərabər, növbəti parlaq qələbə idi. Azərbaycan bununla mahiyyət etibarilə şanlı Zəfəri tamamlamış oldu.
Bu gün qalib Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də davam etdirir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat qayıdır. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri ilk sakinlərini qəbul edir, infrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir, yollar, körpülər, tunellər çəkilir. Bütün bunlar Azərbaycanın iqtisadi gücünü, potensialını bir daha bütün dünyaya nümayiş etdirir. Əminik ki, Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi birlik və həmrəyliyin davamı olaraq Azərbaycanın daha da güclənməsi və qüdrətlənməsi naminə uğurla başlanmış bu mərhələdə də öz töhfəsini verəcəkdir.