Xəbər lenti
Dəmir yumruq » Manşet » Tarixi Zəfərimizin Füzuli səhifəsi
Manşet / Siyasət / 16-10-2024, 19:16

Tarixi Zəfərimizin Füzuli səhifəsi

 

 

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad oldu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.


Rəşadətli Azərbaycan Ordsunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapituliyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.


Vətən savaşında qalib Azərbaycan Ordusunun tək uğuruna yox, həm də cəsarət və qəhrəmanlığına görə əvəzolunmaz əməliyyatlarından biri də Füzuli şəhərinin işğaldan azad olunması idi. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə düşmən güclü müqavimət göstərsə də Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını uğurla yerinə yetirdi.


Füzuli şəhəri uğrunda gedən döyüşlər ordumuzun Vətən müharibəsinin cənub-şərq cəbhəsində ən uğurlu və mühüm döyüşlərindən biri kimi yadda qaldı. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi ordumuz yüksək peşəkarlıq, cəsarət, fədakarlıq göstərərək 30 il ərzində yaradılan və bir çoxlarının “keçilməz” saydıqları istehkamları aşaraq qısa müddət ərzində rayonun əksər kəndlərini və Füzuli şəhərini düşməndən azad etdi.


Füzulinin azad olunması Qarabağın incisi sayılan Şuşa şəhərinə doğru irəliləmək imkanı qazandırdı və bu uğurlu hərbi əməliyyat erməni qəsbkərlarının müqavimət əzmini, iradəsini qırdı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək qaçmağa məcbur oldu. Beləliklə Füzuli qəsbkarlardan təmizləndi. Füzuli əməliyyatı qəhrəman ordumuzun hərbi qüdrətini, peşəkarlığını bir daha təsdiqlədi və bütün dünyaya sübut etdi ki, heç bir qüvvə hərbçilərimizin işğalçılara qarşı yönəlmiş qələbə əzmini sarsıda bilməz. Şəhərin azad olunması Azərbaycanın ərazi bütövlüyü uğrunda vacib bir mərhələ oldu və xalqın qələbə ruhunu daha da yüksəltdi.


Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da prezident İlham Əliyev və Mehriban xanım Əliyeva işğaldan azad edilən Füzuli rayonuna səfər etdilər. Dövlət başçımız tərəfindən Bayrağımızın Füzulidə qaldırılması müasir tariximizin şanlı səhifələrindən biri kimi yadda qaldı.


44 günlük Vətən müharibəsinin gedişatında, 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi Qarabağ probleminin həllində və ölkəmizin ərazi bütövlüyünün bərpasında mühüm dönüş nöqtəsi kimi əhəmiyyət kəsb etdi. Cənab prezidentin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən hər il oktyabrın 17-də Füzuli Şəhəri Gününün təntənəli şəkildə qeyd edilməsi qüdrətli və qalib Azərbaycan reallığını ifadə etməklə yanaşı, xalqımızın böyük sevincinə səbəb oldu.


Hər il 17 oktyabr tarixində Zəfər tariximizin şanlı səhifəsi olan bu əlamətdar gün Azərbaycan xalqı tərəfindən böyük qürur hissi ilə qeyd olunur və bu gün milli birliyin, qəhrəmanlığın, fədakarlığın rəmzinə çevrilib.


Füzuli rayonu işğaldan azad edildikdən sonra burada geniş miqyaslı yenidənqurma və inkişaf dövrü başladı. 2021-ci ilin oktyabr ayında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı regionun dünyaya açılan qapısı olaraq mühüm bir addım oldu. Bu hava limanı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının inkişaf etdirilməsi və turizm axının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Füzulidə aparılan abadlıq və yenidənqurma işləri, şəhərin və rayonun moderinləşdirilməsi geniş miqyasda həyata keçirilir. Reallaşdırılan layihələr əraziyə həyat qaytarmaq və Füzulini müasir yaşayış mərkəzinə çevirmək məqsədi daşıyır. Burada yeni infrastrukturlar, o cümlədən yaşayış binaları, məktəblər, xəstəxanalar, yollar inşa edilir. Füzulinin gələcəkdə daha da inkişaf edərək Qarabağın iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır. Bütün bunlar Azərbaycan dövlətinin iqtisadi qüdrətindən, onun liderinin möhkəm siyasi iradəsindən və uzaqgörən strateji hədəflərindən irəli gəlir.


Füzuli şəhəri bu gün işğaldan azad edilmiş bütün ərazilər kimi inkişaf edir, əsl sahiblərinə qucaq açır. Şəhər gününü təntənəli şəkildə qeyd etdiyimiz doğma əzəli torpağımızda yeni həyat alovlanır və füzulililər bu əlamətdar günü el-obalarında firavan və xoşbəxt yaşamaqla qeyd edirlər. Bu tək füzulililərin yox bütün Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan və qurucu prezident İlham Əliyevə və şəhidlərimizə əbədi minnətdarlıq hissidir.


 

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.