Xəbər lenti
Dəmir yumruq » Manşet » Türk dövlətlərinin süni intellekt üzrə ilk sammiti keçiriləcək
Manşet / Siyasət / 8-10-2024, 19:18

Türk dövlətlərinin süni intellekt üzrə ilk sammiti keçiriləcək

 

Türk dövlətlərinin ortaq əlifbasının qəbulu qərarından sonra inteqrasiya yolunda başqa addımlar planlaşdırılıb. Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkəkdə türk dövlətlərinin süni intellekt üzrə ilk sammitinin keçirilməsi bu addımlardan biridir. Sammitin təşəbbüskarı Qırğızıstan Prezidenti Sadır Japarovdur. Sammitdə türk dövlətlərinin bu sahədə aparıcı ekspertləri bir araya gələcək.

Demiryumruq. Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sammitdə süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi olacaq, bu sahədə ortaq strategiyanın konturları müəyyənləşəcək:

“Toplantının məqsədləri kimi türk dünyasında süni intellektin inkişaf strategiyalarının hazırlanması, innovasiya və texnoloji tərəqqinin təşviqi, elmi-texniki əməkdaşlığın gücləndirilməsi, startaplara investisiyaların cəlb edilməsi göstərilib.

Türk dövlətlərinin inteqrasiyası yolunda daha bir addım atılıb. Ankarada sentyabr ayında keçirilən toplantıda türk dünyasının vahid xəritəsinin yaradılması barədə qərar qəbul edilib. Toplantıda təşkilata üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərləri və üzv ölkələrin hərbi attaşeləri iştirak ediblər.

Beləliklə, türk dövlətləri bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırlar. Türk dövlətlərinin inteqrasiyası heç bir dövlətə qarşı yönəlməyib və bu haqda dəfələrlə müxtəlif açıqlamalar verilib. Buna baxmayaraq, Rusiya mətbuatında bu inteqrasiya əleyhinə yazılar yayımlanmaqdadır. Türk xalqlarının qədim vətəninin Altay olduğu bildirilərək, türk dünyasının gələcəkdə Rusiya ərazisinə iddiası olacağına eyham vurulub. Məqalələrdə türk dünyasının inteqrasiyasının arxasında Türkiyə-Böyük Britaniya cütlüyü göstərilib. Guya bu cütlük Rusiyanın nə vaxtsa zəifləməsindən istifadə edərək bölgədə Turan ideyasını reallaşdıracaq. Rusiya mətbuatında türk dünyasının vahid xəritəsiylə bağlı toplantıda üzv ölkələrin hərbi attaşelərin iştirakından yanlış nəticə çıxarılıb. Guya vahid xəritə vasitəsilə bölgənin yolları, infrastukturları, hərbi məntəqələri, körpüləri və hava limanlarının dəqiq koordinatları müəyyənləşdirilərək hərbi planlaşmaya dəstək mahiyyəti daşıyacaq. Türkiyə ilə Mərkəzi Asiya ölkələri ilə arasında artan hərbi əməkdaşlıq da Rusiya üçün təhlükə kimi qiymətləndirilib.

Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Buna baxmayaraq, Rusiyadakı bəzi dairələr türk dövlətləri arasındakı inteqrasiyanı özü üçün təhlükə kimi qiymətlənidirməkdə davam edir. Rusiya türk dünyasından çəkinməkdənsə, Ukrayna müharibəsini necə bitirəcəyini, o cümlədən ABŞ və Fransa hərbçilərini Ermənistanda yerləşdirilməsinin qarşısının necə alacağı barədə düşünsün”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.