Xəbər lenti
Dəmir yumruq » Manşet » Tarixi zərurət və xalqın istəyi
Manşet / Siyasət / 2-10-2024, 18:27

Tarixi zərurət və xalqın istəyi

 

1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni bir səhifənin başlanğıcı qoyuldu.


Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə əbədi həkk olunub.


Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.


1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.


1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələrdən öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən hakimiyyət özü belə xilas üçün sonda Heydər Əliyevdən kömək istədi.


Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.


Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.


Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilməsi məhz bu dövrdən başlayaraq reallaşdırılan siyasət sayəsində baş verdi. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gərgin və qətiyyətli səyləri, uzaqgörən və müdrik siyasəti nəticəsində həyata keçirildi və 30 il sonrakı Zəfərin təməlini qoydu. Heydər Əliyev şəxsiyyəti eyni zamanda Azərbaycan dövlətinə qarşı olan daxili və xarici qüvvələrin arzusunu ürəyində qoyan sipərə çevrildi.


1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır.


Zaman bir daha sübut etdi ki, həqiqətən xalqını sevən və fövqəladə liderlik keyfiyyətləri ilə seçilən dövlət başçısı öz vətəninin taleyində həlledici rol oynamağa qadirdir. Məhz bu ali missiyasına görə Azərbaycan xalqı xilaskar və qurucu lider kimi Heydər Əliyevin ölkəmiz üçün gördüyü işləri daim qədirbilənliklə xatırlayacaq. Onun misilsiz xidmətləri qarşısında hər zaman minnətdar olacaqdır.


Bu gün xalqımız 31 il öncə qurtuluş yolu olaraq edilən seçimi – Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsini tarixi xoşbəxtliyini yaşayır. Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi.


Dahi şəxsiyyət 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu strategiyanı zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə son 200 illik tariximizin qələbə və zəfər salnaməsini yaratdı. Bu gün Ümummilli Liderin arzusu reallaşıb. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, qüdrətli və güclü Azərbaycanımız eyni zamanda geopolitik liderliyi ilə böyük tarixi Zəfərlərə imza atır.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.