Xəbər lenti
Dəmir yumruq » Manşet » Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Manşet / Siyasət / 24-09-2024, 09:23

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

 

Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır. Ölkəmiz özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və onun davamı olaraq 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli Bayrağımız qürurla dalğalanır. Bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar olunub. Bu mənada cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı Sərəncam tarixi önəm kəsb edir.


19-20 sentyabr antiterror əməliyyatları Azərbaycanın şanlı tarixində, qəhrəmanlıqlarla dolu olan tarixində yeni bir səhifə açdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, Qəhrəman Ordumuzun şücaəti sayəsində ölkəmizin ərazisində birdəfəlik olaraq separatçılığın kökü kəsildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazimizdə dövlət suverenliyi, konstitusion quruluşu, dövlət hakimiyyəti bərqərar olundu. Ona görə də bu tarixi hadisədir. Bununla bağlı olaraq təbii ki, Azərbaycan dövlətinin rəhbərinin qəbul etdiyi qərar - Azərbaycanda 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması bizim tarixi bayramlarımız içərisində xüsusi çəkisi və yeri olmaqla yanaşı, eyni zamanda artıq bundan sonrakı nəsillərimiz tərəfindən fəxrlə öyrəniləcək tarixi hadisəyə çevriləcək.


Bu baxımdan prezident İlham Əliyevin məhz elə həmin tarixi gündə - Dövlət Suverenliyi Günündə Xankəndiyə səfər etməsi, Qarabağ Universitetinin ilk müəllim, tələbə heyəti qarşısında çıxışı Zəfərimizin növbəti təntənəsi oldu. Cənab prezidentin Xankəndidə Qarabağ Universitetinin açılış mərasimində çıxışı zamanı tarixi əhəmiyyətli fikirləri hər bir azərbaycanlıya iftixar, qürur hissləri yaşatdı. Prezident Universitetin açılışının məhz sentyabrın 20-də keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq Qarabağ Universitetinin yaradılmasını tarixi hadisə kimi qiymətləndirdi. Cənab prezidentin qeyd etdiyi kimi qədim Azərbaycan şəhəri olan Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycanın öz suverenliyini tam və əbədi olaraq bərpa etməsinin daha bir nümayişi, Zəfərimizin növbəti təntənəsi olaraq yaddaşlara həkk olundu.


Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetində mühüm mesajlar səsləndirdi, dövlət suverenliyimizin bərpasına qədər keçilən çətin və keşməkeşli yollardan nitqində geniş bəhs etdi. Qeyd olundu ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu tarixi əhəmiyyətli gün qəhrəman oğullarımızın qanı bahasına əldə edilib. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir.


Cənab prezident çıxışında Qələbəmizi şərtləndirən ən mühüm amil olan gücümüzün milli dəyərlərə söykəndiyini xüsusi vurğuladı və qeyd etdi ki, Sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə də mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Təbii ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.


Tarixi Zəfərimiz bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün əsl nümunə və bir ümüd işığıdır. Bu məqamı prezident İlham Əliyev xüsusi olaraq diqqət mərkəzinə çəkdi: “Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin ki, dünyada ədalət yoxdur. Amma bilirdim ki, ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır.”


Prezident gələcək hədəflərimizi də diqqətə çatdıraraq qeyd etdi ki, gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir.


Bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri şanlı tariximizi unutmamaq və gələcək nəsillərə ötürməkdir. Cənab prezident çıxışında gənc nəsilə öyüd manifesti kimi səslənmiş nitqində bir çox tarixi həqiqətləri yenidən səsləndirdi: “XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur. XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı.”


Təbii ki, bugünkü uğurlarımızın təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strategiya dövlət suverenliyinə gedən yolun əsas qayəsidir. Bunu prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı və qeyd etdi ki, yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Məhz dahi şəxsiyyətin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlanıldı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.