Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyevin Çernobbio Forumunda əsas qonaq qismində iştirakı ölkəmizin yüksək beynəlxalq nüfuzunun növbəti təzahürüdür
Manşet / Siyasət / 10-09-2024, 14:48

Prezident İlham Əliyevin Çernobbio Forumunda əsas qonaq qismində iştirakı ölkəmizin yüksək beynəlxalq nüfuzunun növbəti təzahürüdür

 

Azərbaycan istər regional, istərsə də beynəlxalq miqyasda xarici dövlətlərlə qarşılıqlı əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi və daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Möhtərəm prezidentimiz İlham Əliyevin İtaliyaya gerçəkləşən son səfəri bu baxımdan böyük önəm kəsb edir. İşgüzar səfər zamanı müzakirə olunan məsələlər, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən bir sıra mühüm sənədlərin imzalanması, keçirilən məhsuldar görüşlər, səslənən mühüm mesajlar səfərin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.


Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edir. Beynəlxalq müstəvidə daim bir-birini dəstəkləyən iki ölkə arasında böyük etimad formalaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib. Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Hazırda İtaliya Avropa İttifaqına üzv olan ölkələr arasında Azərbaycanın əsas strateji tərəfdaşıdır. Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə cari ilin 4-6 sentyabr tarixlərində Romaya işgüzar səfəri iki ölkə arasında əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Dövlət başçısının bu səfər çərçivəsində sentyabrın 6-da 50-ci Beynəlxalq Çernobbio Forumuna əsas qonaq kimi dəvət olunması təkcə ayrı-ayrılıqda götürülən Avropa ölkələrinin deyil, ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strateji planlarda Azərbaycanın da iştirakını görmək istədiklərini bir daha təsdiq edir. Cənab prezident “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunun “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyasında etdiyi çıxışında İtaliya prezidenti Mattarella ilə, eləcə də Baş nazir Meloni ilə görüşlərini qeyd edərək, ölkələrimiz arasında ikitərəfli münasibətlərin strateji xarakterini bir daha diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir. Prezident İlham Əliyevin Çernobbio Forumunda etdiyi çıxışında əks olunan məqamlar ölkəmizin istənilən xarici ölkələrlə əlaqələrini yalnız qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu əsaslar üzərində qurmaq əzmini bir daha vurğulamış oldu. Dövlət başçısının çıxışında xüsusi diqqəti cəlb edən məqamlardan biri də ölkələr arasında ikitərəfli münasibətlərin qurulmasında  təşviq etdiyi baza prinsipləri barədə səsləndirdiyi fikirlər oldu. Cənab prezident qeyd etdi ki, bu münasibətlərin yalnız qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulduğu halda tərəqqiyə nail olmaq mümkündür. Azərbaycanın istənilən ölkə ilə münasibətlərini yalnız bu prinsiplər əsasında qurmaq əzmi dövlət başçımızın moderatorun səsləndirdiyi sualına verdiyi cavabda da öz əksini aydın şəkildə tapmış oldu.


Azərbaycanla İtaliya arasında münasibətlərin başqa bir sferası bəllidir ki, ticarətlə də bağlıdır. Bunu prezident İlham Əliyev çıxışı əsnasında xüsusi olaraq qeyd etdi. Dövlət başçısı qeyd etdi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. “Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olmuşdur və burada artım üçün potensial var. Gələcəkdə ticarət əlaqələrinin daha da inkişafına maneə ola biləcək nə isə yoxdur. Ticarət əlaqələrinin inkişafı, şübhəsiz ki, Roma və Bakını bir-biri üçün daha vacib partnyora çevirəcək. Bu isə öz-özlüyündə digər sahələrdə də əlaqələrin inkişafına təsir edəcək.


Dövlət başçımız enerji təchizatından da söhbət açaraq qeyd etdi ki: “Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.”


İkitərəfli əlaqələrin enerji və ticarətlə məhdudlaşmadığını bildirən dövlət başçımız ölkələrimiz arasında humanitar məsələlər üzərində də fəal iş getdiyini vurğuladı və qeyd etdi ki: “Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək.”


Ölkə rəhbəri çıxışı zamanı, həmçinin Cənubi Qafqazdakı durumdan, o cümlədən Azərbaycanla Ermənistan arasında gözlənilən sülh sazişi barədə də danışdı. O, Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcəyinə ümidini ifadə etdi: “Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür.” Sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan ölkə rəhbəri qeyd etdi ki: “Artıq sərhədlərin delimitasiya prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. 13 kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədlərimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək.”


Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan liderinin İtaliyaya son səfəri kifayət qədər məhsuldar səfər olaraq yadda qaldı. Və bu səfər eyni zamanda tarixi səfər idi. Səfər gələcəkdə həm İtaliya-Azərbaycan münasibətləri baxımından, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri baxımından Azərbaycanın Aİ-nın enerji təhlükəsizliyində oynadığı rol baxımından əhəmiyyətli səfər hesab olunur və gələcəkdə bunun müsbət bəhrələrini biz görəcəyik.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.