Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Laçın rayonu işğal edilmiş, əhalisi öz yurd yuvasından didərgin düşmüş, şəhər vandalizmə məruz qalmış, rayonun təbii resursları talan edilmişdir.
1992-ci ildə Şuşadan sonra Laçının da Ermənistanın işğalı altına düşməsi AXC-Müsavat cütlüyünün çirkin xəyanətinin nəticəsini idi. AXC-Müsavat cütlüyü həmin dövrdə hakimiyyəti ələ keçirməyə çalışır, bunun üçün istənilən yollara , çirkinliyə, xəyanətə əl atırdı. Təbii ki, torpaqların Ermənistana satılması xəyanətkar cütlük üçün çirkin niyyətlərinə çatmaları üçün bir fürsət oldu. Əvvəlcə Şuşa sonra Laçın işğal olunandan qısa müddət sonra AXC-Müsavat cütlüyü zorla, silah gücünə hakimiyyəti zəbt etdi.
Şükürlər olsun ki, Tanrı Azərbaycan xalqına İlham Əliyev kimi güclü , qətiyyətli rəhbər bəxş edib. Məhz Prezident İlham Əliyevin komandanlığı ilə 28 il sonra Azərbaycan xalqı özü tarixi ədaləti bərpa etməyi bacardı, öz tarixi , əzəli torpaqlarını düşməndən azad etdi.
2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində məğlub olaraq kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu Azərbaycana təhvil verdi. Laçın rayonunun itki vermədən, bir güllə atmadan azad edilməsi Azərbaycanın növbəti uğuru, Zəfəri idi.
Bu gün işgaldan azad edilmiş ərazilərimizdə olduğu kimi Laçın rayonunda da bərpa - quruculuq işləri sürətlə davam edir. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq laçınlılar da öz doğma torpaqlarına qayıdırlar. Artıq Laçın şəhərinə 534 ailənin daimi məskunlaşması təmin edilib.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust tarixi Laçın şəhəri günü kimi müəyyən olunub. Laçınlılar başda olmaqla, bütün Azərbaycan xalqı bu tarixi günü böyük coşqu və sevinclə qeyd edir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri