Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda 26 avqust - Laçın şəhəri günüdür
Manşet / Siyasət / 25-08-2024, 08:44

Azərbaycanda 26 avqust - Laçın şəhəri günüdür

 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. Sərəncam tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədini daşıyır və həmin sərəncamdan irəli gələrək 26 avqust Laçın şəhəri günü kimi artıq qeyd olunur.


Laçın rayonunun ümumi sahəsi 1835 kvadrat kilometr olan 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Rayon 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir.


Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.


Azərbaycanın hər bir kəndinin, şəhərinin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.


İşğaldan sonra da Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq heç bir öhdəliyi yerinə yetirmir, Laçın rayonunda coğrafi adlarını dəyişdirir, rayonun təbii resurslarını talan edir və qazanc mənbəyinə çevirir. Digər ölkələrdən olan erməni əsilli insanlar əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olur.


Ancaq Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində tarixi ədalət bərpa olundu, Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Laçın rayonunun yeni inkişaf dövrü başlandı. Qısa müddətdə quruculuq işləri həyata keçirildi.


Qürurverici haldır ki, artıq 4 ildir ki, torpaqlarımızın işğalı günlərini deyil, düşmən tapdağından azad edildikləri tarixləri qeyd edirik. Bu tarixlər mühüm məqamları – Zəfərə gedən yolu, Qələbəmizi şərtləndirən amilləri və bundan sonrakı dövrdə hədəfləri özündə ehtiva edir. Müzəffər Ali Baş Komandan 2020-ci ilin 1 dekabr tarixində Laçının işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bəyan etmişdi ki, böyük sevinc hissi ilə Laçın rayonunun işğaldan azad olunduğunu bildirirəm. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan Laçın rayonunu qaytardıq, düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq Qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarmışıq.


Bu günümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini müasir tələblər səviyyəsində həyata keçirmək, soydaşlarımızın böyük qayıdışını sürətləndirməkdir.


Cənab prezident bunu qarşıda dayanan əsas prioritet hədəf olaraq qeyd edib ki: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bu arzuların sürətlə həyata keçirilməsi hər bir azərbaycanlını sevindirir.


Bu gün Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində artıq Laçın azaddır, bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Laçın şəhərinin mərkəzində müqəddəs Bayrağımız dalğalanır və əbədi dalğalanacaqdır.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.