Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda fəaliyyəti qurulan Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu - YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin birlikdə idarəetməsi ilə yeni universitet modeli kimi yaradılan Türkiyə–Azərbaycan Universitetinə abituriyentlər böyük maraq göstərib.
Universitetdə birinci kursda kompüter mühəndisliyi və sənaye mühəndisliyi fakültələrində 30 nəfər, qida mühəndisliyi fakültəsində 27 nəfər olmaqla 87 tələbə ali təhsil alacaq.
Universitet 2024–2025–ci tədris ilindən tədrisə başlayacaq.
Ali məktəblərə qəbul imtahanlarında maksimum balın 700 olduğu Azərbaycanda Türkiyə–Azərbaycan Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub.
Türkiyənin aparıcı universitetlərinin proqramlarına əsasən təhsil veriləcək Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Universitet ilk dəfə proqramlarını açmaq əvəzinə təhsil fəaliyyətini davam etdirən və bu mövzuda özünü sübut etmiş universitetlərin proqramlarını özündə birləşdirəcək.
Beləliklə, 2024–2025-ci tədris ilində Türkiyə–Azərbaycan Universitetində açılan kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi sahəsində İstanbul Texniki Universitetinin (İTÜ) qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Türkiyə–Azərbaycan Universitetində bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərin diplomlarını alacaqlar.
Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında elmi və texnoloji əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Elm və Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası arasında imzalanıb. Müqaviləni Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzayıblar.