Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir. Bütövlükdə ölkəmizin xarici siyasətində çoxvektorlu yəni sırf milli maraqlarımıza hesablanan münasibətlərin qurulması əlbəttə mühüm amildir. Bu mənada Rusiya ilə münasibətlərimiz də sözsüz ki, mehriban qonşuluq və qarşılıqlı maraq prinsip əsasında qurulub. Rusiya prezidentinin Azərbaycana ən son dövlət səfəri, bu səfər çərçivəsində aparılan danışıqlar, həmçinin imzalanan sənədlər də onu göstərir ki, ölkələrimiz arasında münasibətlərin yaxşı perspektivləri vardır.
Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və davam etməkdədir. Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətlərinin, dövlətlərarası dialoqun yüksək səviyyədə olması göz qabağındadır.
Qonşularla mehriban və dostluq münasibətlərinin qorunub saxlanılması Azərbaycanın xarici siyasət doktirinasının əsas prinsiplərini təşkil edib. Azərbaycanın bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətləri də məhz bu prinsiplər əsasında qurulub. Bu səbəbdən də avqustun 18-də Rusiya prezidenti Vladimr Putinin səfəri dövlətlərimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun bir daha təsdiqidir. Səslənən bəyanatlar, verilən bəyanatlar ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi hesab etmək olar. Regionun ən böyük ölkələrindən biri olan Rusiya ilə ölkəmiz tarixən sıx iqtisadi-ticarət, siyasi-humanitar əlaqələrə sahibdir. Bu münasibətlər illərdir yüksələn xətlə inkişaf edib və son illərdə də yeni mərhələyə qədəm qoyub. İmzalanan müqavilələr, sazişlər və razılaşmalar bu əlaqələrin müxtəlif yönlərini əhatə edir və hər iki ölkənin strateji maraqlarına xidmət edir. Siyasi münasibətlərdə əhəmiyyətli irəliləyişlər olub, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin gücləndirilməsinə və regionda sabitliyin təmin edilməsinə yönəlib. Bu görüşlər çərçivəsində tərəflər regionda təhlükəsizlik, sülh və əməkdaşlıq məslələri müzakirə olunub, Qarabağ münaqişəsinin həlli istiqamətində birgə səylər göstərilib. Şübhəsiz ki, münasibətlərin strateji önəm kəsb etməsində prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasətin mühüm rolu vardır. Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
İki ölkə arasında münasibətlər 2022-ci ilin fevral ayında “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında” Bəyannamə imzalandıqdan sonra tamamilə yeni bir mərhələyə qalxıb. Dövlətimizin başçısı Rusiya-Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətin səviyyəsindən məmnunluğunu bildirərək mətbuata bəyanatında qeyd edib ki: “Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.”
Prezident İlham Əliyev Rusiya prezidenti Vladimr Putinin səfərinin ikitərəfli münasibətlər üçün faydalı olacağını da bəyan edib: “Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Biz iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdik. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.”
İki ölkə arasındakı münasibətlər fasiləsiz inkişaf edir. Azərbaycanda rus dilinə, rus mədəniyyətinə olan hörmət ölkələrimiz arasındakı münasibətlərin inkişaf tempinə də müsbət təsir göstərib. Bu gün iki ölkə arasında həm iqtisadi, həm mədəni, həm siyasi, həm də humanitar münasibətlər durmadan inkişaf edir. Dövlət başçısı çıxışı zamanı humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirildiyini vurğulayıb: “Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Eyni zamanda qeyd edib ki, təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.”
Dövlət başçısı Rusiya mədəniyyətinin ölkəmizdə təmsil olunmasından da danışıb: “Yeri gəlmişkən, bu ilin iyununda Azərbaycanda Rusiya mədəniyyət günləri keçirilib. Bu işin təşkilinə görə sizə təşəkkür edirik.”
Görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib. Qeyd olunub ki: “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.”
Səfərin ən mühüm cəhətlərindən biri də ölkələrimiz arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektorunun uğurla inkişafıdır. Ölkə başçısı dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlərin də ətraflı müzakirə edildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəkləndiyinə görə Vladimr Vladimroviçə və Rusiya tərəfinə təşəkkürünü bildirib. Qeyd edib ki, Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparırıq.
Dövlətimizin başçısı Rusiya prezidentinin bu səfərinin tarixi xarakter daşıdığını vurğulayıb və eyni zamanda qeyd edib ki, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcəkdir.