Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
Dövlətimizin başçısının idmançılarını və onların məşqçilərini qəbul etməsi, cənab Prezidentin ölkə idmanına , idmançılara verdiyi dəyərin, şəxsən göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyev gözəl qələbələr münasibətilə idmançılarımızı təbrik edib, onlara öz təşəkkürünü bildirərək,Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etdiklərini, Azərbaycan Bayrağını ucaltdıqlarını, bütün xalqımızı sevindirdiklərini qeyd edib.
Ölkə başçısı çıxışında müsəlman ölkələri arasında Azərbaycanın üçüncü yerdə qərarlaşmasının çox gözəl və tarixi nəticə olduğunu bildirərək əlavə edib ki, “Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir.”
“Xüsusilə qızıl medalçılarımız – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm”- deyən Prezident İlham Əliyev Onların Olimpiya Oyunlarının ilk günlərində xalqımız qələbə sevincini bəxş etdiyini, hər iki idmançının həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, hər birimizi ürəkdən sevindirdiyini vurğulayıb.
Dövlət başçısı çıxışında idmançılara, onların məşqçilərinə tövsiyyə və tapşırıqlarını verib. “Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.”
Prezident İlham Əliyev əminliyini ifadə edib ki, növbəti yarışlarda qaliblərin sayı daha çox olacaq. “Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı daha çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.”- deyə ölkə başçısı əlavə edib.
Dövlət başçısı əldə edilən nailiyyətlər medallar qazanmış idmançıların məsuliyyətini daha da artırdığını, onların gənclər üçün nümunə olduqlarını bildirib.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri