Otuz illik işğala və separatizmə son qoyan tarixi qələbəmizdən dörd ilə yaxın vaxt keçir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi ilə əldə etdiyimiz bu qələbənin yaratdığı yeni reallıqlar, imkanlar Azərbaycanın həm iqtisadi inkişafı, həm də siyasi əlaqələrinin genişləndirilməsi baxımından böyük üfüqlər açır. Bu gün Azərbaycan bu imkanlardan maksimum yararlanmağı hədəfləyir. Ölkəmizin artan gücü, iqtisadi imkanlarının genişlənməsi Bakının regional və beynəlxalq müstəvidə də aparıcı oyunçuya çevrilməsinə şərait yaradır. Qələbənin Azərbaycanın iqtisadi inkişafında və siyasi nüfuzunun artmasındakı rolunu statistik rəqəmlərdə də görə bilərik.
Demiryumruq.az "Kaspi" qəzetinin mövzu ilə bağlı təhlil məqaləsini təqdim edirik:
Artan maliyyə gücü
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 69,7 milyard ABŞ dolları təşkil edir. Bu il ölkəmizdə 3,5-4 faiz səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.
Bu gün Azərbaycan müstəqillik tarixində ən böyük büdcəyə sahibdir. 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat, gəlirləri isə 36 milyard 353 milyon manat həcmində təsdiqlənib.
Məlum maliyyə imkanları Bakıya müstəqil siyasət yürütməyə, ona qarşı olan bütün təzyiqlərə rəğmən qarşısına qoyduğu hədəflərə doğru əmin addımlarla irəliləməyə imkan verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan təxminən Livan boyda tamamilə dağıdılmış, infrastrukturu məhv edilmiş ərazilərdə bərpa-quruculuq işlərini öz gücü ilə, heç kimdən yardım almadan sürətlə davam etdirir. Vətəndaşlarının 30 il boyunca həsrətlə yaşadığı doğma yurdlarına layiqli qayıdışını həyata keçirir.
Genişlənən tranzit imkanları
İşğal faktının aradan qalxması Azərbaycana özünün coğrafi və geosiyasi mövqeyinin yaratdığı potensialdan tam olaraq yararlanmağa da imkan yaradıb. Son dörd ildə Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin inkişafı, yükdaşıma qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmaqdadır.
Tək bu ilin statistik göstəricilərinə nəzər salmaq kifayətdir ki, sözügedən sahədə müşahidə edilən dinamikanın əyani şahidi olaq. Rəsmi məlumatlara əsasən, 2024-cü ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7980,6 min ton, yük dövriyyəsi isə 3233,8 milyon ton-km olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 9,0 faiz artım deməkdir. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2 faizini və ya 4808,0 min tonunu tranzit yüklər təşkil edib. Qeyd edək ki, bu rəqəmlər Azərbaycanın iştirakçısı olduğu bütün nəqliyyat dəhlizlərini əhatə edir. Sözügedən artım tarixi qələbəmizdən sonra dövlətin ali rəhbərliyinin yürütdüyü siyasi-iqtisadi kursun uğurlu nəticələri fonunda Azərbaycanın daha dinamik inkişafını stimullaşdıran mühüm amillərdən biri kimi dəyərləndirilir.
Cənubi Qafqazın lideri
Hər bir ölkənin inkişaf indikatorları arasında ən vaciblərindən biri də əlverişli investisiya mühiti və yatırılan xarici sərmayələrin həcmidir. Tarixi qələbəmizdən sonra Azərbaycanda yaranan dayanıqlı iqtisadi-siyasi mühit, sabitlik bu sahədə də Azərbaycanı Cənubi Qafqazın, hətta daha geniş miqyasda bölgənin lider dövlətlərindən birinə çevirib. Belə ki, Mərkəzi Bankın açıqladığı rəsmi məlumatlara əsasən, son beş ildə xarici ölkələrdən Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 26,53 milyard dollar təşkil edib. Bu məbləğin 48,7%-i son iki ildə cəlb olunan birbaşa xarici investisiyaların payına düşür. 2022-ci ildə ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 30,9% artaraq 6,3 milyard dollara çatmışdısa, 2023-cü ildə bu rəqəm 2022-ci il ilə müqayisədə 6,1% artaraq 6,66 milyard dollar təşkil edib. Azərbaycan və Gürcüstanın Mərkəzi banklarının, Ermənistanın isə Dövlət Statistika Komitəsinin 2023-cü il üçün açıqladığı rəsmi rəqəmlərə görə, iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında böyük fərqlə lider olub. Hesabat dövründə Gürcüstana cəlb olunan investisiyaların həcmi 1,6 milyard dollar təşkil edib. Yəni 2023-cü ildə Azərbaycana cəlb olunan xarici investisiyaların həcmi qonşu ölkə ilə müqayisədə 4,2 dəfə çox olub. Ermənistana isə ötən il cəmi 502,7 milyon dollar xarici investisiya yatırılıb və ölkə Gürcüstandan 3,2 dəfə, Azərbaycandan isə 13,2 dəfə geri qalıb.
Yeni iqtisadi inkişaf strategiyası
Bu gün qalib ölkə olaraq Azərbaycan özünün yeni iqtisadi inkişaf strategiyasını müəyyənləşdirir. Bu strategiya tək ölkəmizin yox, tarixi qələbəmizi hədəf alan Qərbin də strateji enerji təhlükəsizliyinin təmininə istiqamətlənib. Söhbət yaşıl enerji və yaşıl iqtisadiyyatdan gedir. Məhz tarixi qələbəmiz Şərqi Zəngəzur və Yuxarı Qarabağ iqtisadi zonalarında nəzərdə tutulan layihələrin reallaşdırılmasının əsas səbəbidir.
Prezident İlham Əliyevin Şuşada təşkil olunan Qlobal Media Forumunda vurğuladığı kimi, artıq Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. 230 meqavat gücündə ən böyük Günəş Elektrik Stansiyası istifadəyə verilib: "İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə "Masdar" şirkəti, ikinci layihə isə "Acwa Power" şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük".
Qarşıda bizi COP29 gözləyir. Hansı ki, miqyasına və əhəmiyyətinə görə dünyanın ən böyük tədbirlərindən sayılır. Bu, tarixi zəfər nəticəsində qalib dövlət adını qazanan Azərbaycanın həm iqtisadi potensialının, həm də beynəlxalq nüfuzunun göstəricisidir.