Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ulu öndərin hələ Sovet dövründə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətindəki xidmətləri danılmazdır. Ümummilli Lider SSRİ-nin 1977-ci ildə yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmırdı. Məhz ulu öndər Heydər Əliyevin 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu əks etdirildi. Ümummilli Liderin bütün çətinliklərə baxmayaraq, bu cür tarixi qərara nail olması olduqca mühüm hadisə kimi tariximizə yazıldı. Eyni zamanda bu qərar dilimizin inkişafında böyük addım oldu.
Azərbaycan dilinin dövlət dili kimi inkişafında müstəsna xidmətləri olan Ümummilli lider Heydər Əliyevin “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”, kəlamı Onun Azərbaycan dilinə sadəcə ünsiyyət vasitəsi kimi deyil, bir xalqın milli sərvəti kimi yanaşdığının göstəricisidir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın istəyi, arzusu və təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da dil siyasəti ulu öndər üçün prioritet məsələ olaraq qalırdı. Ulu öndərin “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur” – sözləri Onun, Ana dilimizə nə qədər dəyər verdiyini bir daha nümayiş etdirir .
Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Ana dili siyasətini də Prezident İlham Əliyev uğurla davam etdirir. Ulu öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın müxtəlif illərdə Ana dilimizin inkişafı və zənginləşdirilməsi istiqamətində imzaladığı sərəncamlar Azərbaycan dilinə olan diqqət və qayğı bir daha təsdiq edir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri