Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Dil xalqın ruhunun təzahürüdür, onun ruhudur. Heç də təsadüfi deyilməmişdir ki, dilini itirən xalq məhvə məhkumdur. Hər bir xalq öz dili ilə tanınır, sevilir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən əsas amillərdəndir.
Ana dilimiz olan Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Tarixin sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünanın ən inkişaf etmiş zəngin dillərindən biridir. Şübhəsiz ki, bu gün Azərbaycan dilinin inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümümilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.
Həyatını xalqının, vətəninin, inkişafı və tərəqqisinə həsr edən xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinə, elminə və milli-mənəvi dəyərlərinə xüsusi həssaslıq və qayğı ilə yanaşmışdır. Dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunması, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur.
Ulu öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin əsas tərkib hissələrindən olmuşdur. O, hər zaman böyük qürur hissi ilə söyləyərdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Öz dilini sevməyən adam öz tarixini bilə bilməz.Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz,Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq”.
Dahi şəxsiyyətin qəlbinin dərinliyindən süzülən bu tarixi kəlamlar yüksək vətənpərvərliyinin, ana dilimizə olan sevgisinin böyüklüyünün göstəricisi olmaqla yanaşı, Azərbaycan dövlətçiliyini, Azərbaycançılıq ideologiyasını əbədi yaşatmaq niyyətini başlıca təzahürü idi.
Ümumilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətlərin miqyası sözsüz ki, geniş və əhatəlidir. Onların sırasında milli varlığımızı təsdiq edən, mənəvi sərvətimiz olan ana dilimizin qorunması və inkişafı istiqamətindəki fəaliyyətidir. Hələ Sovetlər dövründə ümumilli lider Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olan sosial-iqtisadi əsasları, milli kadr potensialını formalaşdırmaqla yanaşı Azərbaycan dilinin inkişafına da xüsusi diqqət yetirmişdir. Həmin dönəmdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta ayrı-ayrı respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətimrməkdən çəkinirdilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə ifadə edirdi. Ümumilli lider 1969-1982-ci illərdə Sovet Azərbaycanında müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etmçəklə ana dilimizə verdiyi dəyəri göstərirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan SSRİ-in konstitusiyasında isə Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümumilli lider Heydıər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu.
Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” – deyən umumilli lider ana dili məsələsinə yeni səviyyədə- müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın nümunəsini yaratdı. 1995-ci ildə qəbul edilən milli konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Daha sonra ümumilli liderimizin 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd olunur.Bundan öncə isə 2001-ci ilin iyununda Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən prezident İlham Əliyev dilimzin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına,dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına önəm verən dövlətimizin başçısı qeyd edib : “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirlərdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz- Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Ana dilimizə hər zaman böyük sevgi bəsləyən, dil mədəniyyətinin zənginləşməsinə daim xüsusi diqqət və qayğı göstərən ölkə prezidenti öz çıxışlarında hər zaman belə qeyd etmişdir : “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. “Dövlət başçımızın imzaladığı fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda milli identikliyi gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə böyük əhəmiyyət kəsb edir. Bu Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Bütün bu fərmanlar, eyni zamanda bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan dilinin dövlət səviyyəsində çox güclü şəkildə qorunduğunun bir daha təsdiqidir.
Bu gün böyük inamla demək olar ki, ulu öndərin əsasını qoyduğu dil siyasəti, Azərbaycan dilinin inkişafına, mühafizəsinə göstərdiyi qayğı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə böyük sevgi ilə davam etdirilir.