Qarabağın incisi, mədəniyyətimizin paytaxtı olan Şuşa bu gün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən azad edilən Şuşa bu gün tək regionun deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilib. İqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi tanınan Şuşa yenidən dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi.
Belə ki, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və sualları cavablandırıb. Dövlətimizin başçısı müxtəlf ölkələrin media nümayəndələrinin suallarını cavablandırarkən yüksək səviyyədə analitik, diplomatik keyfiyyətlərini, natiqlik və kommunikativlik potensialı nümayiş etdirdi. Əcnəbi jurnalistlərin və ekspertlərin suallarını mükəmməl səviyyədə cavablandıran dövlət başçımızın açıqlamaları mühüm çağırışlar və mesajlarla yadda qaldı.
22 iyul-Milli Mətbuat Günü münasibətilə Şuşada Beynəlxalq Media Forumunun keçirilməsi dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdi. 2-ci Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində dünyanın müxtəlif ölkələrindən jurnalistlərin beynəlxalq ekspert və politoloqların suallarını verdiyi ətraflı cavablar bu günün reallıqlarını tam əks etdirir. Artıq bu forum bir ənənəyə çevrilib. “Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, – bu, ötən ilin sentyabrında baş verdi- ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ona ünvanlanan sualı cavablandırarkən bildirib: ”Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırıla bilən edəcəkdir. Yəni, biz-bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç 5 faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.”
Hər zaman vurğulandığı kimi, beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu reallıqların məhz Qarabağın tacı Şuşadan beynəlxalq ictimaiyyətə çatdırılması özündə mühüm məqamları ehtiva edir. 30 il torpaq həsrəti ilə yaşayan və heç zaman ümidini itiməyən xalqımız azad Şuşamızın diplomatik mərkəzə çevrilərək həqiqətlərimizin təbliğinə şahidlik etməsindən qürurludur. Ölkə prezidenti İlham Əliyevin elə bir çıxşı yoxdur ki, 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarından, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsindən bəhs etməsin. Çıxışında torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən bəhs edən dövlətimizin başçısı bildirdi ki, əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, emosiyalarımı kənara qoymalı idim. Yəni, bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu.
Prezident İlham Əliyevin ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında toxunduğu əsas məqamlardan biri də bu oldu ki, regionda və Azərbaycanda baş verən hadisələr 30 il davam edən işğal dönəmində və postmüharibə dövründə heç də həmişə obyektiv şəkildə işıqlandırılmayıb: Azərbaycan haqqında beynəlxalq mediada yanlış, həqiqətə uyğun olmayan məlumatları bizim üçün artıq həyat tərzimizin bir hissəsinə çevrildiyini qeyd edən dövlətimizin başçısı bu prosesdə xüsusən də erməni diasporunun fəal rol oynadığını diqqətə çatdırdı. Prezident qeyd etdi ki, biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənsitan və Azərbycan arasında münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin 2-ci Qlobal Media Forumundakı çıxışı, səsləndirdiyi fikirlərin hər biri mühüm çağırışlarla, mesajlarla zəngindir.
Forumda dövlət başçımızın diqqət göstərdiyi mövzulardan biri də hazırki dövrün çağırışları sırasında xüsusi yer alan türk dünyasının birliyinin gücləndirilməsi məsələsi ilə bağlı idi. Azərbaycan Prezidenti bildirdi ki, Türk Dövlətlər Təşkilatının gələcək inkişafına dair baxışlarım tamamilə aydındır. Təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik.
Forumda eyni zamanda tədbir iştirakçılarına COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyəsində iqlim dəyişikliyinin təsirlər ilə aparılan mübarizə, ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatları yaradılması üçün mövcud imkanlar, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə və digər vacib istiqamətdə mövzular barədə məlumatlar diqqətə çatdırıldı.
Göründüyü kimi, keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın sabitləşdirici, birləşdirici aktor rolunu nümayiş etdirir. Azərbaycan hər zaman dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir. Forumda qeyd olunduğu kimi, dövrün əsas çağırışları sırasında məhz yeni körpülərin qurulmasıdır. Prezident İlham Əliyev Forumda çıxışında bildirdi ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq.
İkinci Şuşa Qlobal Media Forumundakı çıxışında Prezident İlham Əliyev hazırki mərhələ üçün əsas hədəfimizi də forum iştirakçılarının diqqətinə çatırdı. Bildirdi ki, biz Azərbaycanın yüksək liqaya daxil olması üçün çalışırıq: ” Bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirməkdir. Dövlət başçımızın bu sözləri Qlobal Media Forumuna öz möhürünü vurdu. Bu hədəf istiqamətində göstərilən səylər isə Azərbaycanın geosiyasi rolunu önəmli dərəcədə artırıb və bundan sonra da artırmağa davam edəcəkdir.