149 il öncə 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
“Əkinçi” Azərbaycan dilində əsil milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.Təəssüflər olsun ki, “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasında oynadığı rolundan çəkinərək qəzetin nəşrini dayandırıb.Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demoktratik ideyalarını təbliğ edərək ictimai,siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Ötən illər ərzində Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatmışdır.1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında əsaslı dönüş yarandı. Ən önəmli məqamlardan biri kimi həmin dövrdə Ümummilli liderimizin şəxsi səyləri nəticəsində dilimizə olan ögey münasibətin qaldırılması qeyd olunmalıdır. Ulu Öndərimizin birbaşa təşəbbüsü ilə 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması inqilabi təkana səbəb oldu.Belə ki, bundan sonra Azərbaycan dilində dərc olunan qəzetlərin sayı artırıldı,televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndi. Bütün bu proseslər müstəqillik illərində də davam etdirilərək Azərbaycan mətbuatının dünya standartları səviyyəsinə yüksəlməsinə gətirib çıxardı.
1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli,iqtisadi mütəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldirməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, KİV-nin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb. Ulu Öndər deyirdi:”Jurnalist əməyi qeyri-adi əməkdir.Böyük səy, zəhmət, cəsurluq, hünər, fədəkarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Ümumilli lider xarici ölkələrə səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə söhbət edir,onlara müsahibələr verir, öz fikirlərini bölüşürdü. Bu dahi şəxsiyyətin mətbuat nümayəndələrinə səmimi münasibəti onları daha həvəslə işləməyə ,peşələrinin sirlərinə dərindən yiyələnməyə ,eyni zamanda cəsarətli olmağa sövq edirdi. Bu siyasətin Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nətticəsində milli mətbuatımız yeni-yeni nəaliyyətlər qazanmışdır.
Bu gün Azərbaycan mətbuatına dövlət qayğısı yüksək səviyyədədir. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi,mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin dövlət təltifləri ilə mükafatlandırılması mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013 və 2017-ci illərdə prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Əlbəttə ki, bu diqqət və qayğının qarşılığında Azərbaycan jurnalistləri də öz borclarını ləyaqətlə yerinə yetirmək üçün əllərindən gələni edirlər.
Vətənpərvərlik, yüksək milli süur, ali məqsədlər uğrunda cəmiyyətimzin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirir, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutur, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etmək üçün hər zaman ciddi səylər göstərir, cəmiyyətimizin tərəqqisi naminə var gücü ilə çalışırlar.
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da KİV-in fəaliyyəti ictimai həyatın istiqamətlənməsində mühüm rol oynayır. Ölkə prezidenti cənab İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq demişdir: ”Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır.İnsanlar bütün məlumatı mətbuatdan alırlar.Ona görə,hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Builki Milli Mətbuat gününü daha fərqli və möhtəşəm edən xüsusiyyət isə bu bayramın ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bütöv Azərbaycanda qeyd olunmasıdır. İnanırıq ki, uzun və şərəfli tarixə malik olan Azərbaycan mətbuatı öz qarşısında duran bütün vəzifələrin,missiyaların öhdəsindən layiqincə gələcək. Milli jurnalistikamız bundan sonra da inamlı şəkildə irəliləyəcək və daha böyük nailiyyətlərə imza atacaqdır.