Qarabağ Universiteti elm və təhsil mərkəzinə çevriləcək.
Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündən öncə Xocalıda, Xankəndidə, Şuşada açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibi ümumilikdə Böyük Qayıdış Proqramı əsasında görülən işlərin mənzərəsini yaradır
Prezident İlham Əliyev iyulun 4-də Astanada keçirilən Sanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə bu mühüm məqamı xüsusi qeyd etdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Cənab İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarından bəhs etməsin. Bu torpaqların sahibi kimi, Azərbaycan xalqı daim belə bir əminliyi ifadə edirdi ki, dövlətimizin uğurlu siyasəti nəticəində işğala son qoyulacaq, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa ediləcək və soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. 4 ilə yaxındır ki, xalqımız bu əminliyi reallıqda öz əksini tapmasının sevincini və qürurunu yaşayır.
Dövlətimizin başçısı ötən il Xankəndi şəhərində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr edilən Zəfər paradında iştirak etdi. Bu il yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdilər. Bu il Novruz bayramında Novruz tonqalını Xankəndi şəhərində Zəfər meydanında alovlandırdı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Böyük Qayıdışın ən önəmli hədəfi isə Zəngəzur dəhlizinin bərpasıdır. «Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır. Azərbaycanın tarixi torpaqları qayıtmalıdır. Xalqımız da daim bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur, hansılar nə vaxt əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qayıtmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar» söyləyən Ümummilli Lider Heydər Əliyevin bu sözlərinə əminlik Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edilməsində, Ümummilli Liderin arzularının gerçəkləşməsində öz əksini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır. Doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxardı. Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırdı. Cənab İlham Əliyev regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə ötən il “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzaladı. Qısa müddətdə görülən işlər hər birimizdə böyük qürur hissi yaradır.
Prezident İlham Əliyev 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Onu da nəzərə almalıyıq ki, mənfur düşmən bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir. Bütün bunlara baxmayaraq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir” söyləyərək onu da əlavə etdi ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
Artıq paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Şuşa növbəti dəfə dünyanın diqqətindədir. Bu məkandan dünyaya türk birliyi, həmrəyliyi təqdim ediləcək. Keçirilən tədbirlərin özəlliklərindən biri ikitərəfli əlaqələrin qurulması, günün aktual məsələləri ətrafında fikir mübadiləsinin aparılması üçün imkanların yaranmasıdır.
Türk dünyası böyük ailədir. Bu ailənin möhkəmləndirilməsi hər bir üzvdən böyük məsuliyyət, səylərin artırılmasını tələb edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, ərazidir, hərbi gücdür, iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
Bayram Xudayarov,
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü