Xəbər lenti
Dəmir yumruq » Manşet » Şəkidə “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçirilir
Manşet / Mədəniyyət / 5-07-2024, 23:18

Şəkidə “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçirilir

 

  

İyulun 5-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına - Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına start verilib.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan və üç gün davam edəcək musiqi bayramında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

Festivalın proqramına uyğun olaraq, iyulun 5-də Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlərə ilk konsert proqramı təqdim olunub. Rusiya Federasiyasının Tatarıstan Respublikasından olan bayan ifaçısı Aydar Salaxovun çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertin əvvəlində məlumat verilib ki, Aydar Salaxov xalq alətləri üzrə keçirilən bir çox nüfuzlu müsabiqələrin laureatıdır. Musiqiçilər ailəsindən olan və iki yaşında bayanı mənimsəməyə başlayan ifaçı Moskva Dövlət Musiqi İnstitutunun Musiqi Kollecinin və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının məzunudur.

Qeyd olunub ki, A.Salaxovun ifası ilk notdan axırıncı nota kimi, səmimiliyi və alətdə mükəmməl ustalığı ilə tamaşaçıları valeh edir. Sənətkarın repertuarına müxtəlif konsert proqramları, o cümlədən özünün bəstələdiyi orijinal musiqi, caz, klassik əsərlər, məşhur melodiyaların aranjimanları daxildir.

A.Salaxov V.Spivakov, B.Berezovski, Y.Başmet, K.Bodrov kimi məşhur musiqiçi və bəstəkarlarla əməkdaşlıq edib. O, K.Serebrennikovun “Petrovlar qripdə” filminin musiqisinin müəllifidir. Almaniya, İspaniya və Rusiyada keçirilən beynəlxalq müsabiqələrin qalibi olub. 2018-ci ildə o, “Musiqi üslublarından kənarda” adlı ilk albomunu yazdırıb. Aydar Salaxov “Elegato” triosunun yaradıcısı, Moskva Dövlət Akademik Filarmoniyasının solisti kimi, Rusiya, Almaniya, Çin, Yaponiya, İspaniya, Finlandiya və digər ölkələrin ən böyük konsert salonlarında solo konsertlər verib.

Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Sonda ifaçıya festivalın xatirə hədiyyəsi təqdim olunub.

Festivalın proqramına uyğun olaraq, iyulun 5-də axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.