Dövlət Statistika Komitəsi Azərbaycanda ali təhsilli əhalinin ümumi sayının 1 milyon 299 min nəfər olduğunu açıqlayıb.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, açıqlanan 1 milyon 299 təhsilalandan öz ixtisası üzrə davam edənlər, əsasən, pedoqoji yönümlü və hüquq ixtisaslarını bitirənlərdir.
Onun sözlərinə görə, digər qism ya işləmir, ya da fərqli sahələr üzrə çalışan mütəxəssislərə çevrilir:
“Hər il ali təhsil müəssisələrinə qəbul olan, tutaq ki, 50 min tələbənin 6-7 mini pedoqoji sahə, 1500-2000-i isə hüquq ixtisası üzrə oxuyur. Ümumiləşdirsək, 1 milyonun 8-10 faizi ixtisası üzrə çalışır. Digər tərəfdən ali təhsilli xanımlar var ki, sırf evdar xanım olmağı seçirlər. Bu da ümumi təhsilalanların 8-9 faizini əhatə edir. Bir sözlə, ümumi təhsilalanların 80 faizi ixtisasdankənar peşələrə yönəlir”.
Təhsilalanların nə qədərinin ixtisas və ya qeyri-ixtisas üzrə çalışması ilə bağlı DSK və Elm və Təhsil Nazirliyinə ünvanlanan sorğumuza cavab olaraq bildirilib ki, həmin qurumlar tərəfindən bu istiqamətlərdə statistika aparılmır.