Xəbər lenti
Dəmir yumruq » Manşet » 106 yaşlı   Azərbaycan ordusu      
Manşet / Siyasət / 22-06-2024, 06:28

106 yaşlı   Azərbaycan ordusu      

 

106 il öncə müstəqil respublikamızın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixində ən mühüm hadisələrdən biri baş verdi. Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. AXC dövründə Azərbaycan Silahlı Qüvvələrinin təsis edilməsi ilə bağlı qəbul edilmiş qərarlar və bu istiqamətdə həyata keçirilən bir çox tədbirlər hazırki ordumuzun formalaşmasında təməl oldu.


Lakin 1920-ci il 28 aprel tarixində Sovet imperiyasının təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız milli ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində yeni mərhələyə qədəm qoydu. İlk mərhələdə hərbi kadrların hazırlanması bu prosesin aparıcı istiqamətini təşkil etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.


Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.


Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi mütərəqqi addımlar sonrakı proseslərdə də öz uğurlu nəticələrini göstərdi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Lakin müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, vətəndaş qarşıdurması baş verdi, Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Belə bir vaxtda xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk öncə nizami ordu quruculuğu prosesini reallaşdırmaq və eyni zamanda ölkədə sabitliyə nail olmaq üçün 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda güclü və nizami ordu formalaşdı.


Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.


Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun tarixi böyük və tarixi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Artıq 26 ildir ki, xalqımız iyunun 26-nı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi qeyd edir.


Bu proses Ulu Öndərdən sonra hakimiyyətə gələn prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən tədbirləri sayəsində tamamilə yeni bir mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlı qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daima ön planda saxlanıldı. Məhz prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilərək, Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer aldı. O ordu ki, 44 günlük Vətən müharibəsində böyük şucaət və qəhrəmanlıq göstərərək şanlı Zəfərə imza atdı. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı bu şanlı qələbə təkcə Azərbaycan tarixinin deyil, eyni zamanda dünya hərb tarixinin qəhrəmanlıq səhifəsini təşkil etdi.


İftixarla qeyd etmək yerinə düşər ki, bugünkü qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın birbaşa müəllifliyi ilə qalib ordu statusunu alıb. İndi Azərbaycan qalib dövlət kimi tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Bu gün qüdrətli Azərbaycan dövləti 26 iyun Silahlı Qüvvələr Gününü qalib müzəffər Ordunun günü kimi qürurla qeyd edir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.