Azərbaycanın xarici siyasətində müsəlman ölkələri, eyni zamanda ərəb dövlətləri ilə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi hər zaman mühüm istiqamətlərdən olub. O cümlədən ölkəmizin Misir Ərəb Respublikası ilə münasibətləri bu gün yüksək səviyyədə inkişaf edir. İyun ayının 7-də cənab Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri də Azərbaycan-Misir əlaqələrinin daha da genişlənməsinə böyük töhfə verəcək.
Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında tarixi xarakter daşıyan və Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Misirə səfəri ilə müasir mərhələsinə qədəm qoymuş əlaqələrdə tamamilə yeni səhifədir. Misir Ərəb Respublikası ilə Azərbaycanın münasibətləri həqiqətən də tarixi keçmişə malikdir. Sovet rejimi dövründə məhdudiyyətlərə baxmayaraq Azərbaycanla Misir arasında mədəni, elmi və ictimai əlaqələrin həmişə mövcud olduğu məlumdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr yeni müstəvidə inkişaf etməyə başladı. Bu, siyasi sistemlərdən asılı olmayaraq iki xalq arasında dostluğun daha da inkişaf etdiyini göstərir.
Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə yenidən Misirə səfər etməsi Bakı ilə Qahirə arasında əlaqələr və onların möhkəmləndirilməsi istiqamətində bu gün də uğurla inkişaf edən güclü və qarşılıqlı faydalı tərəfdaşlığın əsasını qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 7-8-də Misirə rəsmi səfəri isə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqlədi və onların daha da möhkəmləndirilməsi və genişləndirilməsinin zəruriliyini sübut etdi. Və təbii ki, bu əlaqələr regional və beynəlxalq siyasətdə qarşılıqlı tərəfdaşlıq baxımından mühüm rol oynayır. Bu baxımdan səfər çərçivəsində yüksək səviyyəli görüşlər və danışıqlar Bakı ilə Qahirə arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş yeni təşəbbüslərin müzakirəsi və həyata keçirilməsi üçün növbəti təkan oldu.
Xatırladaq ki, 2023-cü ilin yanvarında Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər etmişdir. İki lider arasında keçirilən görüşün yekunu olaraq bir sıra sənədlər imzalanmışdır. Əs-Sisinin ötən ilki Bakıya və dövlət başçımızın Qahirəyə səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoyan əlamətdar hadisəyə çevrildi. Bu səfərlər iki ölkənin əməkdaşlığı dərinləşdirmək və qarşılıqlı fəaliyyət dairəsini genişləndirmək əzmində olduğunu nümayiş etdirdi. Tərəflər müxtəlif sahələrdə, o cümlədən enerji və ticarətdə tərəfdaşlığın gücləndirilməsi üçün səyləri aktivləşdirməyə hazır olduqlarını bildirdilər.
Azərbaycan və Misir müxtəlif beynəlxalq təşkilatlar, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərir. Prezident İlham Əliyevin Qahirədə vurğuladığı kimi “bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür.” Azərbaycan və Misir yuxarıda qeyd olunan təşkilatlarda fəal iştirakı ilə beynəlxalq hüququn inkişafına mühüm töhfələr verir. Belə sıx əməkdaşlıq eyni zamanda hər iki ölkəyə daha ədalətli və davamlı dünya nizamının formalaşmasına fəal təsir göstərməyə imkan verir.
Prezident İlham Əliyevin cari səfəri zamanı iki ölkə arasında energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olundu. Qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə töhfə verə biləcək konkret layihələr və təşəbbüslərin həyata keçirilməsi üçün bir sıra mühüm addımlar barədə razılıq əldə olundu.
Xüsusi qeyd olunmalı məqam isə Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi mövzusunda cənab prezident bir daha dövlətimizin və şəxsən özünün prinsipial mövqeyini nümayiş etdirərək bildirdi ki, müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.
Həmçinin prezidentlərin görüşü zamanı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olundu.
Beləliklə prezident İlham Əliyevin Misirə rəsmi səfəri ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyən və əməkdaşlıq üçün yeni üfüqlər açan mühüm hadisələrlə yadda qaldı. Bu səfər mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün zəmin yaratdı. Əminliklə qeyd etmək olar ki, Azərbaycan və Misir ümumi məqsədlərə nail olmaq və xalqlarımız arasında dostluğu möhkəmləndirmək üçün bundan sonra da birgə fəaliyyət göstərəcəklər.