Azərbaycan dünyəvi dövlət kimi böyük nüfuza malikdir. Onun ikitərəfli və çoxtərəfli əlaqələri genişlənməkdədir. Bu prosesə Bakıda keçirilən beynəlxalq tədbirlərin də böyük təsiri olur. Son illərin ən qlobal problemlərindən biri də enerji problemidir. Azərbaycan bu problemin həllində daha fəaldır və bu fəallıq onun istər təcrübəsi, istər təbii ehtiyatları, istərsə də böyük potensiala malik kadrları ilə əlaqələndirilməlidir.
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış etdi. Ölkə başçımız çıxışında qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
Tədbirdə Azərbaycan dövlətçiliyinin bərpasını da xatıladan cənab Prezident o dövrün istər siyasi, istərsə də iqtisadi inkişafını da yada salaraq dövlətin güclənməsi istiqamətində dövlət böhranından sonrakı dövrdə görülmüş ilkin tədbirlərdən də söz açaraq dedi: “1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri”.
Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmasını, bunun ölkənin transformasiyasında dönüş nöqtəsi olduğunu, bunun nəticəsində BP şirkətinin otuz ildir bizim strateji tərəfdaşımız kimi fəaliyyət göstərdiyini, bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacağını, 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik etdiyini qeyd edən cənab Prezident dedi : “Üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq tədbirlərdə təkcə mövcud vəziyyət haqqında məlumat vermir, cari işlərin necə getdiyini xatırlatmır, həm də gələcək haqqında proqnozlar da səsləndirir ki, bu proqnozlar da fəaliyyətin optimallaşmasında əhəmiyyətli olur. Son illərdə dünya miqyasında baş verən təbiət hadisələri də iqtisadi fəsadlar törədir. Bu baxımdan iqlim dəyişikliyinə də xüsusi diqqət yetirilməlidir. Bu beynəlxalq tədbirdə Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyev dedi: “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışı dövlətlərarası iqtisadi münasibətlər sistemində əhəmiyyətli olacaq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı