Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanla Tacikistan arasında  qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur
Manşet / Siyasət / 24-05-2024, 18:57

Azərbaycanla Tacikistan arasında  qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

 

Ölkə prezisenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost, müttəfiq ölkələrlə münasibətlərin daha da möhkəmləndirilməsidir. Bu kontekstdə Mərkəzi Asiya ölkələri ilə münasibətlər də Azərbaycanın xarici siyasətində mühüm əhəmiyyət kəsb edən hadisələrdəndir. Bu baxımdan prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiyaya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.


Bu səfərlər zamanı eyni zamanda imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Tacikistan da elə Mərkəzi Asiya dövlətlərindən biridir ki, ölkəmizin ikitərəfli əlaqələri hazırda yüksək səviyyədədir. Və təbii ki, tarixi əsrlərə dayanan xalqlarımız arasındakı ortaq dostluq münasibətləri dövlətlərimiz arasındakı bugünkü əlaqələrin bazasını təşkil edir. Hər iki ölkənin liderlərinin səmimi münasibətləri isə dövlətlər arasında əməkdaşlığı daha da gücləndirərək bugünkü səviyyəyə yüksəldib.


Tacikistan və Azərbaycan arasında münasibətlər 1992-ci ildə qurulsa da, 2007-ci ildə rəsmi Bakının Düşənbədə diplomatik nümayəndəlik təsis etməsi ilə bu münasibətlər fəaliyyət mövqeyinə keçib. Prezident İlham Əliyevin və Tacikistan liderinin qarşılıqlı dostluqları, çoxsaylı yüksək səviyyəli səfərləri, ortaya qoyulmuş vahid mövqe və imzalanmış sənədlər hesabına bu münasibətlər yeni mərhələdə yüksək dinamika ilə inkişaf edir.


Bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq struktur çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Digər tərəfdən ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən hadisələrdəndir. Bu baxımdan Tacikistan prezidenti Emoməli Rəhmonun may ayının 23-də Azərbaycana etdiyi dövlət səfəri Azərbaycan-Tacikistan əlaqələrinin inkişafınə və eyni zamanda strateji tərəfdaşlığın daha da gücləndirilməsinə böyük töhfə olacaqdır.


Mayın 23-də mətbuata bəyanatla etdiyi çıxışında prezident İlham Əliyev Azərbaycan ilə Tacikistan arasında yeni imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin əhəmiyyətini xüsusi qeyd edərək həmin sənədin əsasında məhz dost xalqların iradəsinin dayandığını vurğuladı və qeyd olundu ki, bu Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar ki, bütün sahələrini əhatə edir və hər iki ölkənin yerləşdikləri regionların inkişafına xidmət edir.


Cənab prezident eyni zamanda imzalanmış digər sənədlərin də əhəmiyyətinə toxunaraq bildirdi ki, Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli gücləndirir. Və həmçinin qeyd olundu ki, Tacikistan prezidentinin səfəri çərçivəsində biznes forumu keçirildi və bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandomu imzalandı hansı ki, bu sənədlər də bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.


Səfər çərçivəsində ölkələr arasında münasibətlərə dair imzalanmış digər sənədlərlə müxtəlif istiqamətlərdə qarşılıqlı olaraq işlərin davam etdirilməsi nəzərdə tutulur ki, hansı ki, ölkə başçısının qeyd etdiyi kimi bu, hər iki ölkənin maraqlarına tam uyğundur. Azərbaycan-Tacikistan arasında olan siyasi, iqtisadi əlaqələrlə bərabər ölkəmizdə bu dost dövlətin mədəniyyət günlərinin keçirilməsi, bu ölkədən olan tələbələrin təhsil almaq məqsədi ilə Azərbaycana gəlməsi eyni zamanda humanitar və sosial əlaqələrimizin də inkişafını təmin edir.


Və sözsüz ki, qeyd olunanlar, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq və qardaşlıq xarakteri ilk növbədə dövlət başçılarının şəxsi təmaslarından qaynaqlanır. Prezidentlərin Tacikistan və Azərbaycanda müntəzəm təmasları qarşılıqlı fəaliyyətin ən mühüm amilidir və bu amil münasibətlərin zənginləşməsinə güclü təkan verir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.