Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan-Belarus münasibətləri bu gün çox uğurla inkişaf edir
Manşet / Siyasət / 21-05-2024, 21:26

Azərbaycan-Belarus münasibətləri bu gün çox uğurla inkişaf edir

 

Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə öz sadiqliyini ifadə edir. Belarus Respublikası o dost dövlətlərdəndir ki, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımış, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək vermişdir.


Azərbaycan və Belarus təkcə dost dövlət deyil, həm də mühüm strateji tərəfdaşdırlar. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.


İki ölkə arasında diplomatik əlaqələr dərin tarixi köklərə əsaslanır. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında diplomatik əlaqələrin təməli 1993-cü il iyun ayının 11-də qurulmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və  uzaq görənliyi  sayəsində ölkələrimiz arasında tarixdən gələn dostluq münasibətləri daha da möhkəmlənərək inkişaf edib.


Bu gün isə prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri sayəsində Azərbaycan ilə Belarusiya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir. Bu məqamı mətbuata bəyanatında xüsusi vurğulayan cənab prezident ölkələrimiz arasında dostluq əlaqələrinə diqqət çəkərək qeyd etdi ki, “aparılan danışıqlar – təkbətək və geniş tərkibdə keçirilən görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir, münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək”.


Belarus lideri ilə görüşdə prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndirir.


Bu günlərdə keçirilən görüşlər Azərbaycanla Belarusun bir-birinə daha yaxın olmasına və xalqlarımızın daha sıx dostluq etməsinə nəinki şərait yaradır, eyni zamanda gələcək böyük uğurların təməlini qoyur. Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-17-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürüdür.


Səfər çərçivəsində Belarus prezidentinin Azərbaycan prezidenti ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin münasibətlərində yeni bir dövrün başladığını ortaya qoyur. Göründüyü kimi Belarus Cənubi Qafqazda söz sahibinə çevrilmiş Azərbaycanla bu günə qədər formalaşmış qarşılıqlı etibar, hörmət və strateji dostluq əlaqələrini, həmçinin iqtisadi-ticari münasibətləri daha dərindən inkişaf etdirməyi hədəfləyir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə 9 dövlət əhəmiyyətli sənədin imzalanması dost xalqlarımızın arasında hərtərəfli münasibətlərin dərinləşməsi üçün mühüm töhfələr verəcəkdir.


Belarus prezidentinin Bakı görüşünün ən maraqlı məqamlarından biri Prezident İlham Əliyevlə işğaldan azad olunmuş torpaqlara birlikdə səfər etmələri və səfər zamanı Şuşa və Füzuli şəhərlərində Azərbaycanın həyata keçirdiyi quruculuq prosesinə şahidlik etməsi, habelə bu işlərdə səmimi olaraq öz yardımlarını təklif etməsi idi. Bu məqam iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində görüləcək işlərin təməli kimi diqqət çəkdi.


Bütün bunlar eyni zamanda iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Göründüyü kimi iki dövlət başçılarının bu dəfəki görüşü səmərəli əməkdaşlığın daha da güclənməsinə təkan verəcək, habelə hər iki ölkənin rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verəcəkdir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.