Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardınca işğaldan azad olunan ərazilərə böyük qayıdışın reallaşdırılması qarşıya qoyulan əsas prioritetlərdən biri idi. Yəni prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfəri yeni bir qayıdışın əsasını təşkil edir. Ölkə başçısının Şuşaya bu dəfəki səfəri mahiyyət və miqyas etibarilə elə Şuşa zirvəsi qədər önəmlidir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi hər birimizin qəlbində böyük qürur hissi yaradır. Qarabağın tacı, Şuşada aparılan bərpa-quruculuq işləri, yaşanan çal-çağırlı günlər dövlət başçısı, Prezident İlham Əliyevin 8 Noyabr 2020-ci il tarixdə xalqa müraciətində səsləndirdiyi bu fikirləri yada salır:
“Əziz Şuşa sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!”
Artıq bu gün Şuşa həqiqətən də dirçəlir.
Bir qrup şuşalının öz doğma evlərinə, Şuşaya qayıtmasının məhz mayın 10-da, Ulu Öndərin doğum günündə həyata keçirilməsi xüsusi məna daşıyır. İşğaldan azad olunmuş Şuşa ilk sakinlərini bütün Azərbaycan xalqı üçün son dərəcə əlamətdar bir gündə qəbul etdi. Hər birimiz yaxşı xatırlayırıq ki, 8 Noyabr – Şuşa şəhərinin işğaldan azad olunduğu gündə prezident, Müzəffər Ali Baş Komandan Ulu Öndərin məzarını ziyarət edərək, xalqa qələbə müjdəsi verərkən həm də ata vəsiyyətini yerinə yetirdiyini qeyd etdi. Məhz Ulu Öndərin xatirələrində Şuşaya xüsusi yer verməsi və işğal olunmuş bütün ərazilər kimi bir gün bu şəhərin də azad olunacağı ümidini – özü qədər inandığı Müzəffər Ali Baş Komandan reallaşdırdı.
Ölkəmizin mədəniyyət paytaxtı tariximizdə mühüm yer tutmaqla bərabər dövlət başçısının təbilincə desək xalqımızın əyilməz ruhunu tərənnüm edir. Şuşa Zəfərimizin rəmzi, Zəfərimizin tacıdır. İkinci Qarabağ müharibəsində Şuşa şəhərinin düşmən işğalından azad olunması ilə tarixi Qələbəyə nail olduq. Prezidentin çıxışında bu möhtəşəm Qələbəmizdə Azərbaycan xalqının igid oğullarının bu gün dillərə dastan olan qəhrəmanlığına, fədakarlığına diqqət çəkməsi xüsusilə qiymətlidir. Azərbaycan əsgərinin Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi uğrunda sərgilədiyi qəhrəmanlığı sözlərlə ifadə etmək mümkün deyil. Təkcə Şuşada igid oğullarımızın keçilməz qayaları aşaraq düşmənə qan uddurması tariximizin qəhrəmanlıq səhifəsi, eyni zamanda xalqımızın vətən sevgisinin nə qədər güclü olduğunu bir daha sübut edir. Bu məqamda prezident İlham Əliyevin Şuşadan bəyan etdiyi fikirlər bu deyilənləri bir daha təsdiq edir.
“Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.”
Dövlət başçısının bütün çıxışları kimi mayın 10-da Şuşada səsləndirdiyi bütün bəyanatlar yaddaqalan və eyni zamanda əhəmiyyətli məqamlarla zəngin idi. Cənab prezidentin Şuşaya qayıdan ilk sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində bir daha qeyd olundu ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Prezident bir daha bəyan etdi ki, Qafqazda iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət Azərbaycan olduğuna görə hər kəs bizimlə hesablaşmalıdır. Bu baxımdan prezidentin bu nitqini Şuşadan siyasi cəsarət və qətiyyət nümayişi kimi dəyərləndirmək olar. Prezidentin çıxışı zamanı toxunduğu bütün məsələlər çox mühüm əhəmiyyət kəsb edir. İlk növbədə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı xalqımızı çox sevindirir. Biz bütün dünyaya sübut etdik ki, müharibədə qətiyyətlə qalib gəldiyimiz kimi, dinc quruculuq və bərpa işlərini də layiqincə icra edirik. Prezident vurğuladı ki, “bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Dost ölkələrin müəyyən dəstəyinə baxmayaraq, Azərbaycanın təkbaşına reallaşdırdığı bu nəhəng işlər ölkəmizin dünyadakı nüfuzunu durmadan artırır”.
Ölkə rəhbərinin Şuşadan sülh çağırışlarına səsləndirdiyi fikirlər mühüm məqamlardan idi. Prezidentin fikirləri eyni zamanda hazırda Ermənistanla Azərbaycan arasında sülh prosesinə maneə olmaq istəyənlərə, xüsusilə revanşist qüvvələr və onların havadarlarına ciddi xəbərdarlıq idi. Diqqət çəkən vacib məqam o oldu ki, dövlət başçısı Azərbaycana qarşı qərəzli mövqedə olan Qərb ölkələrinə, xüsusilə, Fransaya və ABŞ-a yenə də Şuşadan sərt xəbərdarlıq etdi: “Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidənlər, bilirlər nəyi deyirəmsə onu da edirəm.”
Cənab prezidentin çıxışının sonunda qeyd etdiyi kimi bundan sonra “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq, hər bir azərbaycanlı bununla fəxr edəcək. Biz gəlmişik burada əbədi yaşamağa və Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.
Prezidentin bu çıxışı da əvvəlkilər kimi xüsusi əhəmiyyətə malikdir və bizim yol xəritəmizdir. Biz bu gün olduğu kimi gələcəkdə də öz daxili və xarici siyasətimizi məhz bu xətt üzrə davam etdirəcəyik.