“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında səsləndirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir:
“Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir”.
Prezident əlavə edib ki, ona görə neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır.