Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
Manşet / Siyasət / 25-04-2024, 14:04

Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır

 

Azərbaycan müasir tarixinin ən qüdrətli dövrünü yaşayır. Son 200 ildə parçalanmaya, ərazisinin 30 illik işğalına məruz qalan dövlətimiz bu gün qüdrətinin zirvəsindədir. Bu zirvəyə aparan yolun memarı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf xəttini mükəmməl şəkildə davam etdirən və həyatı əhəmiyyət kəsb edən prosesləri məntiqi sonluğa çatdıran müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz prezident İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar Azərbaycanın qarşısında dayanan strateji hədəflərin həll olunmasına gətirib çıxarmaqla yanaşı, ölkəmizin beynəlxalq münasibətlərin önəmli aktoruna çevrilməsinə şərait yaradıb. Belə praqmatik siyasətin nəticəsidir ki, bu gün cənab İlham Əliyev həm Qərbdə, həm də Şərqdə böyük hörmətlə, ehtiramla qarşılanır, qlobal xarakterli mühüm məsələlərlə bağlı müzakirələr məhz ölkəmizin başçısı ilə aparılır.

Bir çox ölkələrlə qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq səviyyəsində yüksələn əlaqələrimiz sürətlə inkişaf edir. Bu eyni zamanda Rusiya-Azərbaycan münasibətləri tarixində də yeni ağ səhifənin açılması ilə xarakterikdir. Bu baxımdan cənab prezidentin Rusiya Federasiyasına işgüzar xarakteri daşıyan səfəri münasibətlərimizdə yeni səhifə açmaqla yanaşı, həm də tarixi önəm daşıyır. Aprelin 22-də prezident İlham Əliyevin Moskvaya səfəri, səfər çərçivəsində müzakirə olunan məsələlər bütün bu deyilənlərin təsdiq edir.

Şimal qonşumuzla münasibətlərimizin bugünkü səviyəsi məhz Ulu Öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu, bu gün hər iki ölkənin başçısının münasibətləri fonunda daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Tarixən dostluq münasibətlərimiz olan xalqlarımız arasındakı əlaqələr dövlətlərimiz arasında olan səmimi əlaqələrin hesabına daha da inkişaf edir. Digər tərəfdən münasibətlərimizin inkişafında xüsusi önəm kəsb edən hallardan biri də böyük hüquqi bazanın olmasıdır. Belə ki, ölkələrimiz arasında Ulu Öndərin təşəbbüsü ilə 1997-ci ildə imzalanmış və əsas hüquqi bazanı təşkil edən “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. Bu günə qədər imzalanmış ümumi sənədlərin həcmi isə 260-dan artıqdır və bu sənədlərin hər biri ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi töhfə verir. Bu sənədlərin ən yüksək səviyyəsi isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Belə ki, hər iki dövlət başçısının 2022-ci il fevralın 22-də Moskvada imzaladığı Bəyannamə ölkələrimiz arasındakı çoxillik münasibətləri ən yüksək səviyyəyə-müttəfiqlik səviyyəsinə qaldırıb. Eləcə də, prezident İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı səfərləri ölkələrimiz arasında isti münasibətlərin formalaşmasına, siyasi, iqtisadi, ticarət əlaqələrinin qurulmasına xüsusi töhfə verib.

Prezident İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri, Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşündə, həmçinin Baykal-Amur Maqistralının 50 illik yubileyi münasibəti ilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında bir daha iki ölkə arasında münasibətlərin dünəninə, bu gününə və gələcəyinə nəzər salındı. Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. Bu mühüm məqam da xüsusi vurğulandı ki, hazırda 50 illik yubileyi qeyd olunan bu nəhəng layihənin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub. Prezident İlham Əliyev eyni zamanda dövlətlərarası münasibələrimizdə Heydər Əliyev amilinin mühüm rol oynadığını və bundan sonra da bu ənənənin davam etdiriləcəyini vurğuladı. “Çünki o, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu nəhəng layihənin tikintisində fəal iştirak ediblər. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir” – deyə prezident İlham Əliyev bildirdi.

Dövlət başçısı çıxışında eyni zamanda qeyd etdi ki, biz əlaqələrimizin inkişafından çox razıyıq. “Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanan əsas siyasi sənəd olan gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”- prezident vurğuladı.

Beləliklə preizdent İlham Əliyevin Rusiyaya birgünlük işgüzar səfəri regional əməkdaşlıq və iki ölkənin münasibətlərinin tarixində əhəmiyyətli iz qoyan məsələlərlə yadda qaldı. Bu səfər eyni zamanda Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş olduğunun növbəti təsdiqi olaraq nümayiş olundu.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.