Xəbər lenti
Dəmir yumruq » Manşet » Aprel döyüşləri Zəfər qələbəsinin başlanğıcı
Manşet / Köşə / 5-04-2024, 11:03

Aprel döyüşləri Zəfər qələbəsinin başlanğıcı


 

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 8 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.
   Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın o zaman qədər yaratdığı keçilməz Ohanyan xətti ilə bağlı mifi darmadağın etdi. Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu.
   Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Məhz, dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə start verildi. Eyni zamanda, Aprel döyüşlərindən sonra əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazır olduğunu bir daha nümayiş etdirdi. Bu birlik Vətən müharibəsində düşməni əzən “Dəmir yumruğ”a çevrildi.
   Məhz, Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Xankəndində Azərbaycanın üç rəngli bayrağı dalğalanır.Xocalıda şəhid olan soydaşlarımızın ruhu dincəlir.Qarabağda ədalət bərpa olinur.30 ilə yaxın öz vətənlərindən ayrı düşən vətəndaşlarımız dədə,baba torpaqıarına qayıdır.Qarabağda yenidən qurma işləri gedir, cənətə dönəcək Qarabağ öz əsil sakinlərin gözləyir.
Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik:
 
 Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
 
Şəhidlər ölməz, Vətən bölünməz!
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
Anar NAĞIYEV,
hüquqşünas-jurnalist

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.