Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətnini təqdim edirik:
1. Müəyyən edilsin ki:
1.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsinin üçüncü cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.1-ci bəndə “ikinci cümləsində ikinci halda” sözlərindən sonra “, üçüncü cümləsində ikinci halda” sözləri əlavə edilsin;
3.2. 5.4-1-ci bəndə “münasibətdə” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və” sözləri əlavə edilsin;
3.3. 5.12-ci bənddən “və ikinci cümləsində birinci halda” sözləri çıxarılsın və həmin bənddə “Xarici Kəşfiyyat Xidməti həyata keçirir” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər” sözləri ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 5.12-1-ci və 5.12-2-ci bəndlər əlavə edilsin:
“5.12-1. həmin Qanunun 45.5-ci maddəsinin ikinci cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
5.12-2. həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172 (Cild I) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.5-ci bəndində “rəisinin müşaviri (köməkçisi), baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri” sözləri “aparatının rəhbəri və onun müavini, Xidmətin aparatında baş idarə, idarə (şöbə, bölmə) rəhbərləri və onların müavinləri, Xidmət rəisinin müşaviri və köməkçisi” sözləri ilə əvəz edilsin.