Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən başlayaraq xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Əcdadlarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə ehtiva edən bu bayram, eyni zamanda sərhəd tanımayan türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub olan insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafiq dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamıza gətirib çıxaran bəşəri bir bayramdır.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlararası səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngardlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız, yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda bəşər mədəniyyətinə qiymətli töhfəsidir.
Milli-mənəvi dəyərlərimizə, Novruz ənənələrinə hər zaman yüksək ehtiramla yanaşan Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə sahib olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.”
Novruz bayramı, bayram adət-ənənələri təkcə sadə xalq arasında deyil, həmçinin siyasi arenalarda da qeyd olunur. Bu baxımdan Novruz bayramlaşma təcrübəsi, qarşılıqlı hörmət və etibarlı münasibətlərin tərənnümü, yeni siyasi mədəniyyətdir desək, heç də yanılmarıq. Azərbaycan xalqının qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə əks etdirən bu möhtəşəm bayram xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Təbii ki, aparılan uğurlu dövlət siyasəti nəticəsində Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları yetərincə məlumatlıdırlar. Məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilmişdir. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Artıq dördüncü ildir ki, xalqımız öz əziz bayramını daha böyük coşqu və sevgi ilə qarşılayır, doğma Qarabağımızda, Şuşamızda, işğaldan azad olunan bütün ərazilərimizdə, bütövlükdə müstəqil, suveren Azərbaycanımızın hər bir guşəsində Novruz sevinci tam fərqli ruhda, fərqli hisslərlə qeyd edilir. Xalqımız dördüncü ildir ki, bu bayramı ikiqat bayram ovqatında, böyük Zəfər ruhu ilə qeyd edir. Xatirəsini dərin minnətdarlıqla andığımız şəhidlərimizin canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına gəlişi ilə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.
Novruz bayramı günlərində ölkə prezidenti cənab İlham Əliyevin qalib sərkərdə olaraq işğaldan azad olunan ərazilərdə Novruz tonqalını alovlandırması fonunda bu zəfərin, qalibiyyətin hər dəfə möhtəşəm şəkildə şahidi oluruq.
Beləliklə “Xoşbəxt adamam ki, ata vəsiyətini yerinə yetirdim.” – deyən möhtərəm prezidentimiz cənab İlham Əliyev eyni zamanda Azərbaycan xalqının arzularını reallaşdıraraq xalqımızın qüdrətini, yenilməzliyini, müzəffərliyini bütün dünyaya nümayiş etdirir.
Qoy bu bayram ölkəmizə sülh, əmin-amanlıq, süfrələrə ruzi, bərəkət, bolluq gətirsin!
Yurdumuz əmin-aman, ocaqlarımız yanar, torpağımız daim bərəkətli olsun!