44 günlük Vətən Müharibəsi zamanı Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Elçin Həsənlinin anası Xatirə İsmayılova Novruz bayramı ilə bağlı çox maraqlı təbrik mesajı yayımlayıb.
Xırdalan informasiya agentliyi Xatirə İsmayılovanın bayram təbrikini təqdim edir:
"Bu gün həm Vətənimizdə, həm də bütün Türk xalqlarının həyatında ən əlamətdar və müqəddəs gündür.
Bu gün bayramlar bayramı - Novruz bayramıdır.
Novruz bayramı, məhz bu gün, martın 20 -dən 21-nə keçən gecə Şimal yarımkürəsində astronomik yazın gəldiyi, gecə ilə gündüzün bərabərləşdiyi və qədim xalqımızın təbirincə desək, yeni ilin yeni gününün başlandığı gündür.
Məndən soruşsalar, sənin üçün nədir Novruz bayramı? Cavabım belə olar:
- Mənşəyi ta qədimlərə gedib çıxan, Oğuz elinin "Kitabi-Dədə Qorqud" boylarından bizə boylanan, qədim adət-ənənələrimizi, maddi -mənəvi dəyərlərimizi, milli xüsusiyyətlərimizi özündə cəmləyən böyük bir tarixi və mədəniyyət hadisəsidir Novruz bayramı.
- Quruluşca mürəkkəb, məzmunca dərin, fəlsəfəsi geniş, anlamı dərin olan, xalqımızın əski milli mərasimlərinin məcmusudur Novruz bayramı.
- Qədim Türk boylarının, o cümlədən Oğuz ellərinin inanclarını, adət-ənənələrini, məişət sirlərini, bayram təmtəarağını, sevincini və xalqımızın ruhunun gözəlliyini, tariximizin izlərini bir araya cəmləyən, bir bərəkətli məcməyidə bayram xoncası kimi bizə təqdim edən, əsrarəngiz, qədim bir salnamədir Novruz bayramı.
- Hava, Od, Su, Torpaq kimi vacib dörd ünsürün qayəsini hər çərşənbəsində bizə ehmal edən, qədim insanlarımızın dərin ağlının, dəqiq müşahidələrinin, uzunmüqddətli təcrübələrinin yəqinliyinin, əminliyinin təsdiqidir Novruz bayramı.
- Bolluğa, bərəkətə olan arzu diləyimizin, dualarımızın səməni ilə boy atıb həyata keçməsidir Novruz bayramı.
- Dünyamızın dörd qütbünün, Ayın, Günəşin simvolunu ağıllı bir biçimdə paxlava, şəkərbura, qoğala çevirib, süfrələrimizə bəzək verən nənələrimizin incə ruhunun tərənnümüdür Novruz bayramı.
- Başına yığışdığımız ocaqların od-alovunu, gəzdiyimiz torpaqların müqəddəsliyini qoruyan babalarımızın əmanətidir Novruz bayramı.
- İsməti, sevgisi, vəfası ilə seçilən, xonça bəzəyib, ilmə vuran, bayram günlərində bəzənib bulaq başında boy göstərən Burla Xatun gözəllərimizin çöhrəsinin nurudur Novruz bayramı.
- Qılınc oynadıb, qol güləşdirən, at yarışdıran, ov ovlayıb, kəmənd atan, dar gündə nər kimi meydana atılıb, düşmənin kürəyini yerə vuran igidlərimizin meydanlarda şücaətini sərgiləyən gündür Novruz bayramı.
- Bizi dostluğa, mehribanlığa, birliyə, sevgiyə, saflığa səsləyən tonqallarımızın istisidir Novruz bayramı.
- Milli birliyimizin, ciyin-çiyinə dayanışmamızın əsasını qoyan "Yallı" rəqsimzinin sədasıdır Novruz bayramı.
- Və ən sonunda soyumuzu və milli kimliyimizi təsdiq edən od-alov möhürlü şəxsi sənədimizdir Novruz bayramı.
Bax, budur Novruz bayramı!
Mən də bir şəhid anası kimi, bu əziz gündə xalqımızı və bütün Türk dünyamızı öz adımdan və bütün şəhid anaları adından Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Ulu babalarımızdan miras qalan Vətən adlı məmləkəti, əmanəti canları-qanları bahasına qoruyaraq təhvil alıb, gələcək nəsillərə ötürməyə müvəffəq olan şəhid balalarımın ruhu qarşısında baş əyirəm.
Min bir əziyyətlə Vətənə oğul böyüdüb, Vətənin dar günündə Vətənə qurban verməyi bacaran şərəfli, mərd Şəhid anaları qarşısında baş əyirəm.
Şəhid balalarının övladlarını başına yığıb, titrək əlləri ilə bayram tonqalı qalayan Şəhid ataları qarşısında baş əyirəm.
Gəlinliyini qara libasla əvəzləyən, ismət örpəyinin bəyazlığını qoruyan Şəhid yarlarının bayramını təbrik edirəm.
Bayram xonçasını Şəhidlər xiyabanına götürüb, bayram şamını ata qəbri üzərində yandıran Şəhid balalarımın balalarının bayramını təbrik edirəm.
Şəhidlərin şahidi, qazi balalarımı, qardaşlarımı təbrik edirəm.
Vətənin, millətin, dövlətin təəssübünü çəkməyi bacaran, hamımızın doğmasına, əzizinə çevrilən kəsləri bu əziz bayram münasibəti ilə təbrik edirəm.
Doğma Vətənim, Şəhidlərimin qanı ilə müqəddəsləşən Yurd yerim, bayramın mübarək!
Vətən təəssübünü çəkən qeyrətli oğlum-qızım, qardaşım-bacım bayramın mübarək!
Yuxuları çin olan Turan birliyim bayramın mübarək.
Arazın o tayından boylanan ürəyimin, ruhumun Vətənimin yarısı bayramın mübarək!
Şərəfli, qürurlu, müzəffər ordum bayramın mübarək!
Dövlətlər sırasında dik duruşu ilə seçilən dövlətim, dövlətimin başçısı, bayramın mübarək!
Allahdan Vətənə xoş günlər, xeyirli aqibət diləyirəm!
Hörmətlə: Xatirə İsmayılova"