Xəbər lenti
Dəmir yumruq » Manşet » Əli Əsədov hökumətin qarşısındakı əsas vəzifələri açıqladı eli-esedov-hokumetin-qarsisindaki-esas-vezifeleri-aciqladi
Manşet / 15-03-2024, 09:00

Əli Əsədov hökumətin qarşısındakı əsas vəzifələri açıqladı eli-esedov-hokumetin-qarsisindaki-esas-vezifeleri-aciqladi

 

Hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Baş nazir deyib ki, hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar aşağıdakılardır:

- Yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur.

- Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq.

- Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 min 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.

- Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq.

- İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq. Məhz rəqabət məcəlləsinin qəbul olunması və dövlət-özəl tərəfdaşlığının təşviqi iqtisadi artımın sürətlənməsinə əlavə zəmin yaradacaq.

- Eyni zamanda cənab Prezidentin Sərəncamı ilə səkkiz dövlət müəssisəsinə özəl investisiyaların cəlb edilməsi bu prosesə təkan verəcək.

- Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi istiqamətində zəruri işlər davam etdirələcək.

- Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar sürətləndiriləcək.

- Prezidentin Hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri də yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün azərbaycançılıq prinsiplərini özündə ehtiva edən innovativ müasir təhsilin və elmin, sağlam cəmiyyətin və texnoloji inkişafin təşviq edilməsi əsas şərtlərdir.

- Dünyada gedən geosiyasi proseslər ölkəmizin nəqliyyat infrastrukturuna olan ehtiyacı daha da artıracaq. Bu sahədə qəbul olunmuş proqramlar Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsinə və tranzit yükdaşımaların təşviqinə imkan verəcək.

- Prezidentin Hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji istehsalına nail olmaqdır. Eləcə də ölkəmiz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerji ixrac edən vacib tərəfdaşlardan biri olmağı planlaşdırır.

- Məhz cənab Prezident tərəfindən aparılan məqsədyönlü və uğurlu yaşıl enerji siyasətinin nəticəsidir ki, COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi qərara alınıb. Bu beynəlxalq birliyin Azərbaycana olan böyük hörmət və etimadının bariz göstəricisidir.

Baş nazir qeyd edib ki, bütün bu vəzifələrə və hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin edilməlidir: “Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, cənab Prezidentin söylədiyi kimi “Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir və öz siyasətini də buna uyğun şəkildə aparır. Fürsətdən istifadə edib qarşıdan gələn Novruz Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayıram”.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.