Dövlət qulluğu ilə əlaqədar müsahibə komissiyasının tərkibində dəyişiklik ediləcək.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, Dövlət qulluğu haqqında qanunun 21.4-cü maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas yaratmır.
Bununla belə iddia etdiyi vəzifədən asılı olmayaraq namizədlərin müsahibənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinin təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət qulluğu haqqında qanuna və Prezidentin 2017-ci ilə 21 iyun tarixli 1480 nömrəli fərmanı ilə təsdiqlənmiş Dövlət qulluğu vəzifəsinin tutulması məqsəd ilə müsahibə keçirilməsi Qaydasına bütün hallarda müvafiq vəzifələrin tutulması zamanı yaradılan müsahibə komissiyasının tərkibinə Dövlət İmtahan Mərkəzinin bir nümayəndəsi və bir müstəqil ekspertin daxil edilməsini nəzərdə tutan layihələr hazırlanıb.
Eyni zamanda Dövlət Qulluğu Məcəlləsinin layihəsində də bu cür istisna hallar aradan qaldırılmış, müsahibə zamanı namizədin bərabərliyinin təmin edilməsi məqsədilə vəzifənin rəhbər və ya işçi olmasından asılı olmayaraq həmin vəzifənin tutulması ilə bağlı yaradılan müsahibə komissiyasının tərkibinə müvafiq dövlət orqanı ilə yanaşı Dövlət İmtahan Mərkəzinin və müstəqil ekspertin daxil edilməsi nəzərdə tutulub.