Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezidentin ilk rəsmi səfəri qürurla izlənildi
Manşet / Siyasət / 22-02-2024, 15:17

Prezidentin ilk rəsmi səfəri qürurla izlənildi

 

Azərbaycanda növbədənkənar prezident seçkiləri böyük siyasi coşqu ilə başa çatdı. Ölkədə siyasi durumu, iqtisadi inkişafı, ərazi bütövlüyümüzün tam bərpa olunmasını və digər mühüm amilləri nəzərə alan xalq seçimini etdi. İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Dünyanın əksər dövlətlərinin başçısı cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etdi. Dünya ictimaiyyəti Azərbaycanının nüfuzunun səviyəsini bir daha gördü. Andiçmə mərasimində cənab İlham Əliyev dedi: “Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbədənkənar prezident seçkilərindən və andiçmə mərasimindən sonra ilk rəsmi səfərdə oldu. Məhz qardaş Türkiyədə. Bununla bağlı cənab İlham Əliyev çıxışında bir daha vurğuladı ki “İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirmək istəyirəm. Siz də qeyd etdiyiniz kimi, mənim prezident seçkilərindən sonra ilk rəsmi səfərim qardaş Türkiyəyədir. Bu da təbiidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzəri, tayı yoxdur və bu əlaqələr hər gün daha da güclənir” bu isə qardaşlığın tarixi təzahürüdür...
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 19-da Türkiyəyə rəsmi səfəri son illərin ən böyük siyasi hadisələrindən biri kimi tarixləşdi.
 
Görüşdə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı, ikitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulandı.
 
İkinci Qarabağ müharibəsi təkcə Azərbaycanının ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmədi, həm də Cənubi Qafqazda dayanıqlı sülhün bərpasına gerçək şərait yaratdı. Bu müharibədə qardaş Türkiyə Azərbaycandan həm mənəvi, həm də hərbi dəstəyini əsirgəmədi. Böyük tarixi Zəfər qazanıldı. Bu rəsmi səfərdə Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində qardaş Türkiyənin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, tarixi Zəfər qazanılmasında mühüm amil olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi səfərdə çıxışında dedi: “İkinci Qarabağ savaşı və ondan sonra, düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”
 
Görüşdə beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, ölkələrimizin bir-birini daim dəstəklədiyi vurğulandı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
 
Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını dedi. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirildi.
 
Görüşdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanının dediyi “Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı "Bir millət - iki dövlət" şüarı əsasında irəlilədiyini görürük”, “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik” fikirlər də bəşəri niyyətlərin tezisləri kimi dinlənildi...
 
İstər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və iki ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilməsi məsələlərinə toxunulmasını da böyük qürurla izlədi. Bu rəsmi səfər də təsdiqlədi ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.